Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanlarda ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İştirakçılar iyunun 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə biliblər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, imtahan saat 10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3 559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4 454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub.
İmtahanda II ixtisas qrupu üzrə 17 431 ,III ixtisas qrupu üzrə 21 193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8 896 nəfər olmaqla, ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...