22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

20-05-2024
IMG

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezidentin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı mayın 21-22-də Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu təşkil olunacaq.

Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı nəzərdə tutulur.

Fhnews.az xəbər verir ki, Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.

Tədbirin ilk günündə “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 kontekstində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyaların keçirilməsi planlaşdırılır. Tədbirin növbəti günündə isə “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyaların təşkil olunması nəzərdə tutulur. Sessiyalar zamanı müxtəlif mövzularda çıxışların edilməsi, müzakirələrin aparılması və Fitosanitar Ekspertlər Qrupunun təsis olunması planlaşdırılır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının təmin olunması sahəsində mühüm işlər görülüb. Bitki sağlamlığının izlənməsi istiqamətində Milli Monitorinq Planı hazırlanıb və icrası həyata keçirilir, təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatı və idxalı prosedurları sadələşdirilib. Beynəlxalq təcrübə nəzərə alınaraq, ilk dəfə Azərbaycanda 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiqlənib. Agentliyin apardığı araşdırmalar və verdiyi təkliflər əsasında “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin hazırlanması başa çatdırılıb və razılaşdırılma mərhələsindədir.

Rusiya Federasiyasına ixrac olunan xurma, alma, fındıq, çiyələk, nar, şaftalı, gilas, armud və digər məhsulların miqdarında artım var. Fındıq, alma və nar məhsullarının Çin Xalq Respublikasına ixracı ilə əlaqədar icazənin alınması üçün müvafiq hesabat hazırlanıb və qarşı tərəfə təqdim edilib. Ölkəmizdə istehsal olunan fındıq məhsullarının Avropa bazarlarına ixracının davamlılığı təmin edilib. Avropa İttifaqının müvafiq qurumu ölkəmizdən ixrac olunan fındıq partiyalarına 20 faiz yoxlama tezliyi saxlanılmaqla Agentliyin zəmanəti ilə hər yük partiyasını toksikoloji laborator müayinələrə cəlb etmədən və müvafiq sənədlərlə müşayiət olunmadan ixracına icazə verilməsinə dair qərar qəbul edilib.

Paylaş: