Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasında iştirak edir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-də Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasının açılış mərasimi keçirilir.
Fhnews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, builki Səhiyyə Assambleyasının mövzusu “Bütün səylər sağlamlıq naminə, hər kəs üçün sağlamlıq”dır.
Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sessiya çərçivəsində Assambleya 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini, dəyişən iqlim şəraitində sağlamlığın qorunması tədbirləri və digər aktual məsələləri nəzərdən keçirəcək.
ÜST-nin əsas illik forumuna dəvət olunan 194 dövlətin nümayəndəsinin diqqəti, həmçinin pandemiyanın qarşısının alınmasına dair Saziş üzrə 2021-ci ildən davam edən işlərə yönələcək.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilata üzv ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.
Assambleyanın 77-ci sessiyası iyunun 1-də yekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyənləşdirən ali qərar qəbuledici orqanıdır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...