24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Avtonəqliyyat vasitələrində yanğınlarla bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

24-04-2024

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi, təhlükəli yüklərin düzgün daşınmaması, avtoqəza belə yanğınların əsas səbəbləridir. Təəssüflə qeyd edilməlidir ki, təkcə 2024-cü ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 170 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli, təhlükəli yüklərin daşınması qaydalarına əməl edilməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir. Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir!

Həmçinin, hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə, əsasən avtomobilin salonunda saxlanılmalıdır.

Yadda saxlanmaq lazımdır ki, avtomobilin salonunda tüstü və ya yanıq qoxusu yanğın əlamətidir. Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və mümkündürsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Paylaş: