22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AQTA rəsmisi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib

13-06-2024

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə Qurban bayramında heyvanların kəsimi prosesinə sistemli və kompleks nəzarət həyata keçirəcək.

Fhnews.az xəbər verir ki, bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Qurban bayramı ilə əlaqədar 147 ünvanda kəsim və satış olacaq.

E.Mikayılov bildirib ki, həmin ünvanların bəzilərində yalnız kəsim, digərlərində kəsim və satış, qalanlarında isə yalnız satış olacaq

"Heyvanları əldə etmək istəyən vətəndaşlar yalnız kəsim və satış, satış fəaliyyəti nəzərdə tutulan yerlərdən ala bilərlər. Yalnız kəsim fəaliyyəti nəzərdə tutulan yerlərdə diri heyvanların satışına icazə verilməyəcək. Həmin ünvanlarda vətəndaşlar yalnız öz heyvanlarını gətirib baytarlıq nəzarətindən keçirdikdən sonra kəsib apara bilərlər", - deyə Aparat rəhbəri qeyd edib.

E.Mikayılov qeyd edib ki, bayram günlərində Agentliyin Mərkəzi Aparatının regional bölmələrinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Onun sözlərinə görə, ümumilikdə 350-dən çox əməkdaş bayram günlərində bu işə cəlb olunacaq.

"Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti orqanların nümayəndələrindən ibarət hər region və kəsim sahəsi üzrə işçi qruplar formalaşdırılıb. Bayram günlərində aidiyyəti dövlət orqanlarının fəaliyyəti koordinasiyalı şəkildə təmin ediləcək.

Siyahısı açıqlanan yerlərdən kənarda qanunsuz kəsim halları müşahidə etdikdə, çox sərt tədbirlər görüləcək. Həm Qida Təhlükəsizliyi Agentliyi, həm hüquq-mühafizə orqanları, həm də yerli icra hakimiyyəti orqanları bununla bağlı zəruri addımlar atacaq. Ona görə də vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, yalnız siyahısı açıqlanmış yerlərdə kəsim və satış həyata keçirsinlər" - deyə, agentlik rəsmisi vurğulayıb.

Paylaş: