22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

24-04-2024

Qida Təhlükəsizliyi Agentliyi zoonoz xəstəliklərin izlənilərək ölkədə bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi üçün məqsədyönlü mübarizə tədbirləri həyata keçirir.

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, epizootoloji şəraitin öyrənilməsi məqsədilə fevralın 19-dan 29-dək respublikanın 46 rayonunun (şəhərinin) 141 yaşayış məntəqəsində fəaliyyət göstərən 209 fərdi və fermer təsərrüfatında 1 yaşdan yuxarı ümumilikdə 2 min 747 baş dişi heyvan arasında seroloji monitorinq aparılıb.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak ediblər.

Monitorinq çərçivəsində götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında edilmiş müayinələri nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkar edilib.

Bununla əlaqədar alaraq, bruselyoz xəstəliyi aşkar olunduğu təsərrüfatlarda qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, digər zoonoz infeksiyalardan fərqli olaraq, insanların bruselyoza yoluxmasının mənbəyi xəstə heyvanlar və əksər hallarda baytarlıq nəzarətindən keçməyən süd və süd məhsulları vasitəsilə baş verir.

Paylaş: