Agentlik: Sahibkarlar KOB klasterdə birləşməklə bir sıra vergi güzəştləri əldə edirlər
Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilərlər.
Fhnews.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında deyilir.
Bildirilib ki, qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.
KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən kommersiya hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada ([email protected]) müraciət edə bilər. Müraciət zamanı kommersiya hüquqi şəxs ərizə, eləcə də KOB klasterin iştirakçısı olmaq istəyən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısını və onların KOB klasterinin fəaliyyətində iştirakı haqqında ərizələrini, KOB klasterin funksional xəritəsini, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul olunmuş qərarın əsli və nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surətini Agentliyə təqdim etməlidir. Ərizəni və digər sənədləri linkdən yükləmək olar: https://smb.gov.az/az/nav/kob-klaster
Qeyd edək ki, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...