“Sumqayıt”ın stadionunda əlavə təhlükəsizlik kameraları və turniketlər quraşdırılacaq
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun avrokubok oyunları üçün tələb olunan standartlara uyğunlaşdırılması üçün işlərə start verilib.
Bu barədə “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev açıqlama verib.
Onun sözlərinə görə, ilk növbədə, meydançanın kənarında əks tərəfdən videoçəkiliş üçün platforma qurulacaq: “İkincisi, bütün stadion ərazisində təhlükəsizlik kameralarının sayı artırılacaq. Bunlarla yanaşı, stadiona daxil olmaq üçün turniketlər quraşdırılacaq. Bunlar əsas bilet satıcısı olan “iTickets”in sistemi ilə uyğunlaşdırılacaq. Tribunada fiziki məhdudiyyətli azarkeşlər üçün nəzərdə tutulmuş yerlər təkmilləşdiriləcək. Onları müşayiət edən şəxslər üçün oturacaqlar quraşdırılacaq. Media tribunasının yeri dəyişdirilə bilər. Həmin tribunanı mərkəzə çəkməyi planlaşdırırıq. Bu, mümkün olmasa, əvəzində media tribunasının hər iki tərəfdən giriş və çıxışına məhdudiyyətlər qoyulacaq ki, önündən heç kim keçə bilməsin. Eyni zamanda, bayraq dirəklərinin də quraşdırılması nəzərdə tutulub”.
Z.Xudiyev bildirib ki, canlı çəkiliş üçün siqnal nöqtəsi stadiona yaxınlaşdırılacaq: “Ölkə çempionatında və kubokunda çəkiliş aparan zaman stadion ətrafında siqnal alınan nöqtə var. Yerli və avrokubok oyunları üçün bu sistem fərqlidir. Həmin nöqtə avrokubok matçlarında canlı çəkiliş üçün stadiondan bir qədər kənardadır. Hazırda həmin ərazi yaşıllıq zonası, yəni qazondur. Həmin qazon söküləcək, yerində asfalt zona yaradılacaq ki, heç olmasa üç ədəd canlı yayım maşını orada yerləşdirilə bilsin. Canlı yayım üçün onların siqnalı ala biləcəyi yerdə bir dayanacağın yaradılması nəzərdə tutulub”.
Qeyd edək ki, “Sumqayıt” yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...