27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycanın üç qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb

24-08-2024
IMG

İordaniyanın Amman şəhərində keçirilən 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Fhnews.az xəbər verir ki, mundialda iştirak edən Azərbaycanın 6 qız güləşçisindən 3-ü fəxri kürsüdə yer alıb.

Nəzrin Əhmədli (40 kiloqram) kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında ukraynalı Kamila Kuçmaya (0:5) məğlub olan Əhmədli bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Vivyen Şentpaladan güclü olub – 11:6.

Günay Qurbanova (61 kiloqram) rusiyalı Zalina Totrovaya (AİN) 9:4 hesabıyla, daha sonra isə iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda yaponiyalı Sae Noquçiyə məğlub olub – 0:5. Qurbanova bürünc medal uğrunda qarşılaşmada hindistanlı Racnita Racnitanı “tuş”la üstələyib.

Zəhra Kərimzadə (69 kq) 1/8 finalda ukraynalı Oleksandra Rıbaka müqavimət göstərə bilməyib – 0:10. O, təsəlliverici görüşdə Kıjjıbek Jarkinbayevanı mübarizədən kənarlaşdırıb – 3:1. Zəhra üçüncü yer uğrunda görüşdə türkiyəli İlayda Cinlə üz-üzə gəlib. Qarşılaşmanın son saniyələrində işlətdiyi 4 xallıq fənd idmançımıza 6:4 hesablı qələbə qazandırıb.

Beləliklə, Azərbaycan millisi 3 bürünc medalla dünya çempionatını başa vurub. Bu isə medalların sayına görə son 9 ilin ən yaxşı nəticəsidir. Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında komanda hesabında 6-cı yeri tutan yığmamız 55 xal toplayıb ki, bu da U-17 dünya çempionatları tarixində komandamızın topladığı ən yüksək xaldır.

Paylaş: