Azərbaycanın təklifi ilə Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb
Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş 45-ci Ümumdünya Şahmat Olimpiadasının son günündə Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasının son iclası keçirilib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, toplantıda AŞF tərəfindən türkdilli ölkələrin şahmat sahəsində əməkdaşlığını və əlaqələrini gücləndirmək üçün xüsusi qurumun yaradılması təklif olunub. Bununla bağlı çıxış edən Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova türkdilli ölkələrin birgə assosiasiyasının yaradılmasının vacibliyini vurğulayıb, gələcək təşkilatın əsas hədəfləri barədə məlumat verib. FIDE-nin Baş Assambleyasında səsverməyə çıxarılan təklif yekdilliklə qəbul edilib. Beləliklə, Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb. Assosiasiyanın ilk üzvləri Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstan olub.
İclasın sonunda FIDE prezidenti Arkadi Dvorkoviç Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlərin şahmat federasiyalarının rəhbərləri ilə görüşüb. Yaxın günlərdə assosiasiyanın əsasnaməsi təsdiqlənəcək. Təşkilata rəhbərlik iki il müddətinə seçiləcək və növbəlilik əsasında həyata keçiriləcək. Əsas məqsəd türkdilli ölkələr arasında şahmatda da əlaqələri genişləndirmək və mütəmadi olaraq müxtəlif birgə layihələri reallaşdırmaqdır.
Qeyd edək ki, FIDE tərkibində Latın Amerikası ölkələri, ərəb dövlətləri, fransız dilli ölkələrin şahmat qurumları fəaliyyət göstərir.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...