Məşhur səyyah Tur Heyerdalın fəaliyyətinin bir hissəsi də Azərbaycanla bağlıdır
6 oktyabr tanınmış norveçli səyyah, arxeoloq, etnoqraf alim Tur Heyerdalın anadan olmasından 110 il keçir. 1947-ci ildə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmiş, məhz bu səyahət ona sonralar dünya şöhrəti qazandırıb. O, məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7 min 200 kilometrlik məsafəni sadəcə sal üzərində keçməklə bəşəriyyəti heyrətə gətirib.
Tur Heyerdalın fəaliyyəti çoxşaxəli idi. O, tarixçi, bioloq, rejissor, arxeoloq, yazıçı, okeanoqraf, elmlər doktoru, professor, dünyanın bir neçə məşhur elm mərkəzlərinin fəxri üzvü idi
Bundan başqa o, 1969–1970-ci illərdə qədim misirlilərin Atlantik okeanını üzərək Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında okeanı üzüb keçir. Tur Heyerdal həm də Pasxa, Qalapaqos və Kanar adalarında aparılan arxeoloji ekspedisiyaya rəbərlik edib.
Bəs məşhur səyyahı Azərbaycana gətirən nə idi?
Məşhur səyyahın həyat və fəaliyyətinin bir hissəsi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlib. Onu Bakıya Qobustan petroqlifləri, daha dəqiq desək Qobustan qayalıqlarındakı gəmi təsvirləri gətirmişdi.
Qobustanın tədqiqatçısı arxeoloq alim Cəfərqulu Rüstəmov yazır: - O, əslində Azərbaycana Qobustandakı qayıq təsvirlərinə baxmağa gəlmişdi. Özü də buraya gələnə kimi onun Qobustan qayalıqları, onların dövrü haqda məlumatı var idi. Gəlməsindən məqsəd isə Qobustan "Tiqris"lərinin qamışdan hazırlandıqlarını və onların dövrü haqdakı məlumatları yoxlamaq idi.
O, həmişə böyük məhəbbətlə etiraf edirdi ki, Azərbaycan mədəniyyəti Çin, Mesopotamiya mədəniyyəti qədər qədim və zəngindir. Ən böyük arzusu o idi ki, Azərbaycanı qarış-qarış gəzib xüsusi tədqiq etsin. Gəmi rəsmlərini Norveç qayaüstü təsvirlərinin, daş abidələrinin oxşarlığını, qohumluğunu, eləcə də ümumi cəhətlərini tədqiqə çəksin. O, Qobustan qayaüstü rəsmlərini Azərbaycan xalqının rəmzi kimi qəbul edirdi.
Çox arzulayırdı ki, Naxçıvana gedərək Gəmiqayanı gözləri ilə görsün. Lakin bu arzusu həyata keçmədi. 2002-ci ilin aprelində Tur Heyerdal vəfat etdi.
Azərbaycanın qədim mədəni irsinə, tarixinə həmişə maraq göstərən alim bir neçə dəfə ölkəmizə səyahət edib. Tur Heyerdal ölkəmizdə indi də tez-tez xatırlanır.
Dünaysını dəyişəndən on il sonra - 2012-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi, səyyahı Tur Heyerdala həsr olunmuş "Tur Heyerdal - Kon-Tiki adamı" adlı sərgisi də təşkil olunub.
Şəkinin Kiş kəndində qədim Alban məbədinin yaxınlığında onun büstü ucaldılb.
Elnur Müslümoğlu
Alimlər yeməli yosunlarda dərinin...
Şərqi Aralıq dənizində dəniz otu...
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...