25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

ÜST: Sosial şəbəkələr və videooyunlar hər 10 yeniyetmədən birində psixoloji problemlərə səbəb olur

25-09-2024
IMG

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, hər 10 yeniyetmədən biri sosial şəbəkələrdən və videooyunlardan həddindən artıq istifadə nəticəsində yaranan psixoloji problemlərlə üzləşir.

Fhnews.az təşkilatın məlumatına istinadla xəbər verir ki, ÜST-nin Avropa Regional Ofisi yeniyetmələr arasında problemli sosial mediadan istifadənin 2018-ci ildəki 7 faizdən 2022-ci ildə 11 faizədək əhəmiyyətli dərəcədə artdığını bildirir. Bundan əlavə, yeniyetmələrin 12 faizində rəqəmsal oyunlara aludəçiliyin yaranması riski var.

Problemli sosial media istifadəsi asılılığa bənzər əlamətlərlə xarakterizə olunur: sərf olunan onlayn vaxta nəzarət edə bilməmək, istifadəni dayandırmağa cəhd edərkən hədsiz maraq simptomları, digər fəaliyyətlərə etinasızlıq və gündəlik həyata mənfi təsir bu amillər sırasında yer alır.

Araşdırma nəticəsində məlum olub ki, problemli sosial mediaya ifrat dərəcədə aludə olan yeniyetmələr orta dərəcədə istifadəçi və ya ümumiyyətlə istifadə etməyənlərlə müqayisədə daha çox psixoaktiv vəziyyətdə olurlar. Psixoloji və sosial rifahın səviyyəsinin azalması, yuxu müddətinin minimuma enməsi isə ümumi sağlamlığa mənfi təsir göstərə bilər.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Klyuge texnologiyanın mənfi təsiri ilə mübarizə aparmaq üçün rəqəmsal savadlılığın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. O, bir çox ölkələrdə bu istiqamətdə səylərin az olduğunu və texnologiyanın sürətli inkişafı fonunda mövcud rəqəmsal təhsil proqramlarının yenilənməsinin zəruriliyini qeyd edib.

Məlumatlar 2022-ci ildə Avropa, Mərkəzi Asiya və Kanadanın 44 ölkə və regionundan 11, 13 və 15 yaşlı 280 minə yaxın uşaq və yeniyetməni əhatə edən genişmiqyaslı məktəbyaşlı uşaqlarda sağlam davranış üzrə tədqiqatın bir hissəsi kimi əldə edilib.

Paylaş: