Fövqəladə hal yarandıqda davranış qaydalarına əməl edin
Gözlənilməz hallarda hər bir insan özünü necə aparacağını, nə edəcəyini bilməlidir. Lakin bu biliklər təlim və söz yox ki, davranış reflekslərin aşılanması nəticəsində əldə edilir.
Dağlarda olarkən "Daş gəlir!" çağırışına bizlər dərhal kənara çəkilir və ya daşın düşməsi ehtimal olunan yerdə bütün bədənimizlə qayaya sıxılırıq. Bəs naşı bir insan bu zaman nə edir? O, yuxarıya baxır, yuvarlanan daşı görməyə çalışır və beləliklə də həyatını təhlükəyə atmış olur.
Binada yanğın baş verdikdə də insanlar təcrübəsinə arxalanaraq və ya təcrübəsizlikdən müxtəlif cür hərəkət edir. Məsələn, yanğın baş verdikdə təcrübəsiz insan bir neçə dəqiqə ərzində tüstüdən, hərarətdən və ya alovdan məhv olursa, təcrübəli insan bu vəziyyətdə də çıxış yolu tapır. O, binanı tərk etməyə imkan olmadıqda, qapı və pəncərələri kip bağlayır. Bütün dəlikləri örtür və dəsmalı isladaraq, onun vasitəsilə nəfəs alır.
Yanğın və uçqunlar zamanı ölənlərin və yaralananların 55 faizi qorxu və təşvişdən irəli gələn qeyri-adekvat hərəkətləri nəticəsində həlak olur və ya zədə alır. Mütəxəssislər hətta belə hallara da rast gəliblər: qorxu və təlaşdan ağlını itirmiş valideynlər yüksək mərtəbəli binalardan körpələrini aşağıya ataraq, özləri də tullanıb, həlak olurdu. Halbuki bu zaman xilasolma yolları var idi, lakin onlardan istifadə etmək bu insanların ağlına belə gəlmirdi.
Fövqəladə hallarda soyuqqanlı qalmaq, bunun nəticəsində vəziyyəti düzgün qiymətləndirmək və ondan çıxış yolu tapmaq olduqca vacibdir. Hər bir insan işlədiyi, yaşadığı binanın giriş-çıxış yollarını yaxşı öyrənməli, xilasetmə vasitələrinin harada yerləşdiyini mükəmməl bilməlidir. Xüsusən də bu, təhlükəli obyektlər yaxınlığında yaşayan insanlara aiddir. İnsanlar bilməlidir ki, fövqəladə hal yarandıqda onlar ilk növbədə özlərinə arxalanmalıdırlar. Düzdür, xilasetmə dəstələri, aidiyyatı orqanlar onların xilası üçün əllərindən gələni edəcəklər, lakin bu o demək deyildir ki, insan acizanə oturub sonunu gözləməli, xilası üçün heç bir tədbir görməməlidir. Təhlükələrə hər zaman hazır olmaq özü - özünü təhlükədən qurtarmaq deməkdir. Bunun üçün hər bir insan imkan dairəsində təhlükələri əvvəlcədən hiss etməyi bacarmalı, təhlükə zamanı çıxış yollarının nədən ibarət olduğunu təsəvvür etməlidir. Laqeyd, hazırlıqsız və özünə inamı olmayan insan artıq potensial qurbandır.
Ekstremal vəziyyətlərdə sağ qalmanın əsasları - mühafizə olunma, davranış və ilkin yardımın göstərilməsi sahəsində mükəmməl biliklərdir. Ona görə də hər bir fərd özünə və digər yaralıya ilkin tibbi yardım göstərməyi, sarğı qoymağı və s. əməliyyatları bilməlidir. Kənardan bu çox asan görünə bilər, lakin əməliyyata başladıqda bir çoxları ilkin yardım göstərməyi bacarmır və ya bu yardım düzgün aparılmadığından zərərçəkənin halı daha da pisləşir və o, hətta həyatı ilə vidalaşır. Bu halda belə yardımın göstərilməməsi daha məqsədəuyğundur.
Xüsusi biliklərin olmamasını nə fiziki dözüm, nə ruh yüksəkliyi, nə də ərzaq və xilasetmə avadanlığının bolluğu əvəz edə bilməz. Soyuq meşədə tonqal yandırmanın yolunu bilmirsinizsə, kibrit qutusu köməyinizə çatmaz. Təbiət şəraitində ov ovlamağı bacarmırsınızsa, ətraf yeməli quş və heyvanlarla bol olsa belə, acından ölmək ehtimalı yüksəkdir.
Ekstremal vəziyyətlərə hazır olmaq, sağlamlığınızı hər zaman əminli qorumaq üçün bütün bu biliklərə indidən mükəmməl yiyələnin, çünki hadisə baş verdikdə bunları öyrənməyə nə vaxt, nə də imkan olacaq.
Pomidor minalayıcı güvəsinə qarşı...
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...