24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

FHN-in Şimal Regional Mərkəzi seminar keçirib

08-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü, Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

Seminarda Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Quba Rayon İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan FHN Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov fövqəladə hallar mübarizə üzrə aidiyyəti yerli qurumlar arasındakı qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə FHN-in Şimal Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə çıxışında fövqəladə halların vaxtında xəbərdar edilməsi üçün bu sahəyə cavabdeh qurumların koordinasiyasının təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra mövzulara dair çıxışlar edilib, həmçinin yanğınların başvermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr və s. məsələlərə toxunulub.

Seminarda rayon ərazisində fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: