25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Vezuvi vulkanından 1945 il sonra çözülən sirr

09-11-2024
IMG

Hər baxışda təbiətin qüdrətini xatırladan fəlakət izləri... Zamanla donmuş fiqurlar… Oğlunu qucaqlayan ana, bir-birini qucaqlayan iki bacı... Pompeydə tapılan bu qəliblərin sirri tam olaraq Vezuvi püskürməsindən 1945 il sonra açılıb. İtalyan yazıçısı İtalo Kalvino deyir ki, insanın həyatı hadisələr toplusudur və son hadisə bütünün mənasını dəyişə bilər. Belə bir böyük hadisə eramızın 79-cu ilində baş verdi.
Vezuvi dağının püskürməsi ilə dağın ətəyində yerləşən Pompeyə göydən pemza daşları yağdı,zəlzələlər yeri silkələdi. Binalar və damlar dağıldı. Kül, qaz və qayalardan ibarət maye maqma qısa müddətdə şəhəri yandırıb yaxdı. Pompey 6 metr dərinlikdə kül və lava yığını ilə örtüldü.
Bu fəlakətdə həyatını itirən yüzlərlə insanın cəsədi ətrafa yığılmış dağıntı qalaqları arasında olduğu kimi qaldı. Aradan keçən əsrlər ərzində yumşaq toxumalar çürüdükcə, insan istehsalı heykəlləri xatırladan mükəmməl şəkildə qorunan içi boş qəliblər geridə qaldı.
1863-cü ildən başlayaraq arxeoloqlar bu qəlibləri gipslə doldurmağa və fəlakət zamanı qurbanların yaşadıqlarının surətini çıxarmağa başladılar.
Onlardan birində bir uşaq və iki böyük vardı.  Böyüklərdən birinin qolundakı ornament diqqət çəkib. Bu adamın qucağında diz üstə uzanmış kimi görünən uşaq var. Qolundakı bilərziyə və uşağı tutma tərzinə görə belə hesab olunurdu ki, bunlar ana və körpəsidir. Arxeoloqlar bu icmaya zərgərliklərinə görə Qızıl Qolbaqlı Ev Ailəsi adını verdilər.
Digər tərəfdən, bir-birini sevgi ilə qucaqlayan iki bədəndən ibarət qrup iki gənc qız adlanırdı. Onların iki bacı və ya gənc ana və qızı olduğuna inanılırdı.
Fəlakət zamanı Pompey əhalisinin təqribən 20.000 nəfər olduğu təxmin edilir və bu insanların təxminən 10 faizi Vezuvi vulkanının püskürməsi nəticəsində həyatını itirib.

Pompey xarabalıqlarında ilk sistemli qazıntılar 1748-ci ildə başladı, lakin arxeoloq Cüzeppe Fiorelli təyin olunan 1860-cı ilə qədər çox irəliləyiş əldə edə bilmədi.

Bu günə qədər Fiorelli tərəfindən hazırlanmış gips texnikası ilə 104 Vezuvi qurbanının gipsləri hazırlanmışdır.
Arxeoloqların bu qəliblərin yerləri və mövqeləri ilə bağlı şərhləri və proqnozları sonrakı illərdə ədəbiyyatdan tutmuş Hollivud kinosuna qədər bir çox romantik əsərin mövzusu oldu. Bununla belə, elm və texnologiyanın müasir inkişafı bu qruplar haqqında bütün proqnozları təkzib etdi.

"Current Biology" elmi jurnalında dərc edilən araşdırmada qəliblərdə qalan skelet qalıqları üzərində edilən DNT testləri bu insanların şəxsiyyətləri və aralarındakı əlaqələrlə bağlı fərziyyələrin heç birinin doğru olmadığını ortaya qoydu. Nəticələr mütəxəssisləri də təəccübləndirib. 104 nümunədən 14-nə fokuslanan araşdırma Harvard Universitetindən genetik Devid Reyx və Florensiya Universitetindən antropoloq David Karamelli də daxil olmaqla bir qrup alim tərəfindən aparılıb.

2015-ci ildə gipslər bərpa olunarkən sümük parçalarına çatmağı bacaran Karamelli əvvəlcə bu parçalardan DNT nümunələri əldə edə biləcəklərinə şübhə ilə yanaşırdı. Bununla belə, səylər nəticə verdi və anadan uşağa ötürülən genetik məlumat olan mitoxondrial DNT-nin deşifrə edilməsində uğur əldə edildi.

Buna görə, daha əvvəl ana və oğul olduğu düşünülən iki şəxsin biri yetkin, digərinin uşaq olmaqla iki kişi olduğu və aralarında heç bir bioloji bağ olmadığı müəyyən edilib. Başqa sözlə, dörd nəfərlik qrupun hamısı kişilərdən ibarət olub və onların arasında qohumluq əlaqəsi olmayıb.

Paylaş: