25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Türkiyənin üç vilayətində meşə yanğınları ilə mübarizə tədbirləri davam edir

15-08-2024
IMG

Türkiyənin Çanaqqala, Bolu və Manisa vilayətlərində meşə yanğınları baş verib.

Fhnews.az xəbər verir ki, yanğınlarla bağlı açıqlama verən Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı üç bölgəyə ümumilikdə 14 təyyarə, 31 helikopter, 265 texnika və 1413 nəfərdən ibarət canlı qüvvənin cəlb edildiyini deyib.

Çanaqqala vilayətindəki yanğın bu gün günorta saatlarında tarixi Gelibolu yarımadasının Büyükanafartalar kəndi yaxınlığında başlayıb. Alov axşama doğru daha geniş əraziyə yayılıb. Hadisə ilə bağlı açıqlama verən Çanaqqala valisi Ömer Toraman hazırda 8 təyyarə, 12 helikopter, çox sayda texnika və canlı qüvvə ilə müdaxilə edilən yanğının hələ ki yaşayış məntəqələri üçün təhlükə yaratmadığını deyib.

Türkiyənin Milli Müdafiə Nazirliyi də yanğınla mübarizə üçün bölgəyə hərbi helikopter göndərildiyini açıqlayıb. Çanaqqala döyüşlərinin baş verdiyi ərazidəki 57-ci Alay Şəhidliyi və Conkbayırı bölgəsi yanğın səbəbindən müvəqqəti olaraq ziyarətə bağlanıb. Yanğının şəhidliyi təhlükə altına aldığı bildirilir. Alovun yayılmasının qarşısının alınması məqsədilə bölgədə bəndlər yaradılıb. Yanğınla mübarizə işləri davam edir.

Digər tərəfdən yanğına müdaxilə etmək üçün işçiləri bölgəyə aparan avtomobil qəza törədib. Hadisə nəticəsində üç işçi xəsarət alıb, daha bir neçə işçinin isə tüstüdən halları dəyişib. Bu işçilər xəstəxanaya yerləşdiriliblər.

Boludakı yanğın Göynük rayonunun Bəkirfakılar kəndi ərazisində başlayıb. Qabaqlayıcı tədbirlər çərçivəsində Göynük rayonundakı Yeniköy və Seferler kəndi təxliyə edilib. Yanğının yaratdığı tüstü Eskişehir vilayətinin mərkəzinədək yayılıb. Qatı tüstü təbəqəsi şəhərin bir çox nöqtəsindən görünür.

Hazırda yanğının söndürülməsi işləri davam edir. Alovla mübarizə üçün bölgəyə hava dəstəyinin də tələb edildiyi bildirilir.

Daha bir meşə yanğını Manisa vilayətində qeydə alınıb. Dünən günorta saatlarında başlayan yanğını hələ ki söndürmək mümkün olmayıb. Bu gün nəzarət altına alındığı düşünülən yanğın axşam saatlarına doğru yenidən güclənib. Hazırda bölgədə 2 təyyarə, 3 helikopter, çox sayda texnika və canlı qüvvə yanğınla mübarizə aparır.

Paylaş: