25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Su qıtlığı 2050-ci ilədək qlobal ərzaq istehsalı üçün ciddi təhdid olacaq

17-10-2024
IMG

Qlobal su böhranı 2050-ci ilədək dünya qida istehsalının yarıdan çoxunu ciddi şəkildə təhdid edəcək.

Fhnews.az “Zeit” qəzetinə istinadla xəbər verir ki, bu barədə Su Təsərrüfatı üzrə Qlobal Komissiyanın yayımladığı hesabatda qeyd olunub.

Hesabatın həmmüəlliflərindən olan Potsdam İqlim Araşdırmaları İnstitutunun direktoru Yohan Rokström deyib ki, insanlar hələ də suyun dəyərini tam dərk edə bilmirlər. Nəticədə sudan nəzarətsiz istifadə qlobal ərzaq istehsalını ciddi təhlükə altında qoyur.

Hesabatda su qıtlığının ərzaq təhlükəsizliyinə ciddi təsir göstərdiyi və indiyədək 3 milyard insanın bu təsirə məruz qaldığı vurğulanıb. Buna görə də su mənbələrinin idarə olunmasında zəruri dəyişikliklərin edilməsinin və müvafiq addımların atılmasının vacibliyi diqqətə çatdırılıb.

Alimlər su qıtlığının iqtisadiyyatlara da dərindən təsir edəcəyi, hətta bəzi ölkələrdə ümumi daxili məhsulun 15 faizə qədər azalacağı barədə xəbərdarlıq edirlər.

Hesabatda böhranın qarşısının alınması üçün "mavi su" (çaylar, göllər) və "yaşıl su" (torpaqda və bitkilərin tərkibindəki su) mənbələrinin qorunmasının zəruriliyi qeyd edilib. Vurğulanıb ki, bunun üçün sudan istifadə ilə bağlı daha ədalətli qiymətlər tətbiq edilməli, dayanıqlı istifadə təşviq olunmalıdır. Bəzi ölkələrdə bir litr suya görə ödənilən məbləğ hazırda qlobal miqyasda və uzunmüddətli perspektivdə onun istehlakı nəticəsində yaranan gizli xərcləri ödəmir. Bu isə qısa dövrdə xeyli həcmdə su itkisinə səbəb olur.

Hesabatda su qıtlığının qarşısının alınması üçün beş əsas hədəfə nail olunmasının vacibliyi diqqətə çatdırılıb. Bu amillər qida sənayesində təkrar istehsal, "yaşıl su" mənbələrinin qorunması, suyun dövriyyəsinin gücləndirilməsi, ekoloji cəhətdən təmiz sektorların inkişaf etdirilməsi və təmiz suya əlçatanlığın təmin olunmasıdır.

Alimlər su böhranının həlli istiqamətində atılan addımların uğurla nəticələnməsinin qlobal həmrəylikdən və əməkdaşlıqdan asılı olduğunu qeyd ediblər. Komissiya buna görə də bütün dünya hökumətlərini gələcəkdə ərzaq təhlükəsizliyini təmin etmək üçün sudan daha səmərəli istifadə olunması ilə bağlı hərəkətə keçməyə çağırır.

Paylaş: