25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Sidneydə leysan yağışları aviareyslərin ləğvinə və məktəblərin bağlanmasına səbəb olub

05-04-2024

Avstraliyanın ən böyük şəhəri Sidneydə 24 saat ərzində təxminən bir aylıq norma qədər yağıntı olub.

Fhnews.az xəbər verir ki, “Australian Guardian” nəşrinin meteoroloqlara istinadla yaydığı məlumata görə, səhər saatlarından başlayaraq 24 saat ərzində Avstraliyanın şərq sahilində yerləşən meqapolisdə son iki ildə ən çox miqdarda birgünlük leysan yağışı qeydə alınıb.

Avstraliya Meteorologiya Bürosu yağış və güclü küləklə müşayiət olunan fırtınalı havanın Sidney və ətraf ərazilərdə həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırır.

Təkcə Sidney deyil, həm də Yeni Cənubi Uelsin və onun cənub qonşusu Kvinslendin böyük hissələri də yağışlardan təsirlənib. Meteoroloqlar, xüsusən də turistlər arasında məşhur olan Mavi Dağlar bölgəsində “həyatı təhlükəsi olan daşqınlar” barədə xəbərdarlıq ediblər.

Yeni Cənubi Uelsin Baş naziri Kris Minns sakinlərə qarşıdakı 24-48 saat ərzində ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Bu əyalətdə bir çox məktəblər fəaliyyətini dayandırıb, yollar bağlanıb, dəmir yollarına ziyan dəyib.

Sidneydə əksəriyyəti daxili reyslər olmaqla, 100-dən çox aviareys ləğv edilib. Daha onlarla uçuşlar gecikmə ilə həyata keçirilib.

İqlim hadisəsi fonunda bəndlərin vəziyyəti də səlahiyyətliləri narahat edir. Şəhəri içməli su ilə təmin edən Varraqamba su bəndinin doluluq səviyyəsi 96 faizdən çoxdur.

Paylaş: