25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Nomura Araşdırmalar İnstitutu: Zəlzələnin Yaponiya iqtisadiyyatına zərəri 5,5 milyard dollardır

07-01-2024

Yaponiyada yanvarın 1-də baş vermiş dağıdıcı zəlzələnin ölkə iqtisadiyyatına zərəri 816 milyard yapon yen (təxminən 5,5 milyard ABŞ dolları) təşkil edir.

Fovqaladexeberler.az xəbər verir ki, Yaponiyanın ən iri tədqiqat təsisatı olan Nomura Araşdırmalar İnstitutunun mütəxəssisləri ziyanı hesablayarkən yaşayış binalarına, infrastruktura, sənaye müəssisələrinə və digər həyati əhəmiyyətli obyektlərə dəyən zərəri nəzərə alıblar. İnstitutun baş iqtisadçısı Takahide Kiuçi bildirib ki, bu rəqəm hazırda əlçatan olan məlumatlar əsasında hazırlanıb. Maddi ziyan ölkənin ümumi daxili məhsulunun 0,15 faizinə bərabərdir.

İnstitutun mütəxəssislərinin rəyinə görə, zəlzələ bir neçə şirkətin, o cümlədən nəinki Yaponiyanın, bütün dünyanın ən iri avtomobil korporasiyalarından olan “Toyota”nın istehsalına mənfi təsir göstərib. Bir çox müəssisə təbii fəlakətə görə yeni ildə istehsala başlama tarixini təxirə salmağa məcbur olub ki, bu da öz növbəsində, şirkətlərin müəyyən dərəcədə maddi ziyan etməsinə səbəb olub. “Sharp” şirkətinin İşikava prefekturasının Hakusan şəhərindəki ekran istehsalı müəssisəsi, “Murata”nın 5 elektron komponent zavodu zəlzələyə görə normal işləyə bilməyib. Bundan başqa, zəlzələ bölgəsində bəzi məhsulların, xüsusən də avtomobillərin satışı dayanıb.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ Noto yarımadasında ciddi dağıntıya səbəb olub, yaşayış binaları, fərdi evlərə, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə böyük ziyan vurub. Bundan başqa, Toyama və Niiqata prefekturalarında da dağıntılar baş verib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 126 nəfər ölüb, 560 sakin xəsarət alıb. İşikava prefekturasında 222 nəfər hələ də itkin hesab olunur ki, onların da dağıntı altında qalmaları ehtimalı olduqca böyükdür. Xilasetmə işləri davam edir, lakin dağılmış yollar və yağıntılı hava şəraiti onlara mane olur.

Paylaş: