25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

26-04-2024

Britaniya Antarktika xidmətinin alimləri Antarktidada dəniz buzlarının əriməsinin imperator pinqvinlərinin nəslinin kəsilməsi ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər.

Fhnews.az xəbər verir ki, ötən 2023-cü il bütün müşahidə dövrü ərzində bu növ ölüm sayına görə ikinci il olub. Bundan əvvəl 2022-ci ildə pinqvinlər arasında “artımda fəlakətli fasilə” müşahidə olunub. Bu vəziyyət bütün populyasiya üçün uzunmüddətli mənfi fəsadlardan xəbər verir.

Məlumdur ki, imperator pinqvinləri dəniz buzu səthində artırlar. Balalar iyulun sonlarından avqustun ortalarınadək, Cənub yarımkürəsində qış olanda yumurtadan çıxırlar. Onlar sukeçirməz tükləri çıxanadək buz üzərində qalırlar. Bir qayda olaraq, bu, dekabrda baş verir.

Əgər buz çox tez əriyərsə, o halda buna hazır olmayan ətcəbalalar donmaq və suda batmaq riski ilə üzləşir. Məhz 2023-cü ildə belə olmuşdu. Nəticədə 66 imperator pinqvini koloniyasının 14-ü zərər çəkmişdi. Orada quş balaları arasında yüksək ölüm dərəcəsi qeydə alınmışdı.

2022-ci ildə rekord 19 koloniya zərər çəkmişdi. O vaxtdan bəzi pinqvin qrupları daha yaxşı şərait tapmaq məqsədilə aysberqləri, şelf buzlaqlarını və ya daha möhkəm dəniz buzunu seçərək köçüb.

Alimlər qeyd ediblər ki, belə yerdəyişmə “müvəqqəti qərardır”. 2022-2023-cü illərdə dəniz buzunun sahəsi müşahidələr dövrü ərzində ilk dəfə olaraq 2 milyon kvadrat kilometrdən aşağı düşüb.

2020-ci ildə Antarktidada təxminən 250 min çoxalıb artan imperator pinqvini cütü hesablanıb. Bir neçə ardıcıl əlverişsiz il populyasiyanın əhəmiyyətli şəkildə azalmasına gətirib çıxara bilər. “Antarctic Science” xəbər verir ki, ən bədbin proqnoza əsasən, bu növ 2100-cü ildə 99 faiz azala bilər.

Paylaş: