22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İldırım təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (video)

01-06-2024

Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.

Bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.

Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək ildımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, ildırım zamanı:

- qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;

- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

- telefonla danışmayın;

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;

- ⁠nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;

- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;

- yüksəklikdəsinizsə, çökək yerə enin;

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

- bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;

- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Paylaş: