25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Dakar toz buludlarına təslim oldu

26-01-2024

Seneqalın paytaxtı Dakar sənaye tullantıları, köhnə avtomobil istifadəsi və nəqliyyat sıxlığı kimi səbəblərə görə Afrikanın ən çirkli havasına malik paytaxtlar arasındadır. Dünyanın ən böyük toz mənbəyi sayılan Sahara səhrasından gələn qumla qarışan toz buludları da insanların yaratdığı hava çirklənməsi ilə yanaşı, Dakar və ətraflarında ciddi çirklənməyə səbəb olur. Atmosferə atılan toz emissiyalarının yarısından məsul olan qumla qarışan səhra tozu güclü küləklər sayəsində Qərbi Afrikanın sahil bölgələrinə çatır. 

Seneqalda Sahara səhrasından gələn və demək olar ki, bütün ölkəni təsiri altına salan toz buludları paytaxt səmasını bürüyüb.Ölkənin Mülki Aviasiya və Meteorologiya üzrə Milli Agentliyinin verdiyi açıqlamada, Dakarda Hava Keyfiyyəti İndeksinin  500 səviyyəsinə çatdığı və  bunun təhlükəli olduğu bildirilib. Mütəxəssislərin fikrincə, 0 ilə 50 arasında olan hava keyfiyyəti indeksi sağlam dəyər hesab olunur.
Dakarda incə hissəciklərin çirklənmə səviyyəsi normal göstəricidən 12,5 dəfə artaraq 155-ə çatıb ki, bu da ifrat çirklənmə deməkdir. Mütəxəssislər insanları zərurət olmadıqca evdən çıxmamağa, çıxarsa maska taxmağa çağırıb. Qeyd olunub ki, ötən gün güclənən havanın çirklənməsi daha bir neçə gün davam edəcək.

Səhra qumundan 20 dəfə kiçik olan və mikroskopik çirklənmə də adlandırılan PM2.5 birbaşa ağciyərlərə düşə, qanla qarışa, hamilə qadınlarda vaxtından əvvəl doğuş və düşmə riskini artıra bilər. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, PM10 konsentrasiyası maksimum 20, PM2.5 səviyyəsi isə 10 olmalıdır. Dakarda isə PM10-un orta konsentrasiyası 146, PM2.5 səviyyəsi isə 30-dur.

Paylaş: