25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Cənubi Sudanda daşqınlar 1 milyondan çox insana ziyan vurub

21-10-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi sentyabrın əvvəlindən Cənubi Sudanın müxtəlif bölgələrində baş verən güclü yağış və daşqınların 1 milyondan çox insana zərər  verdiyini açıqlayıb.

Ölkədəki daşqınlar təxminən 271 min insanı didərgin salıb. Bundan əlavə, yüz minlərlə insan evləri, iş yerləri və kənd təsərrüfatı torpaqlarının su altında qalması nəticəsində itkilər verib. Həddindən artıq yağıntı və daşqınlar səbəbindən 15 mühüm təchizat marşrutu yararsız hala düşüb.

İlin sonuna qədər Cənubi Sudanda həddindən artıq yağıntı səbəbindən daşqınların baş verə biləcəyi xəbərdarlığı edilib və mümkün daşqınların 3,3 milyon insanı təsir edəcəyinin gözlənildiyi qeyd edilib.

Cənubi Sudan şiddətli daşqınlar və quraqlıq kimi təbii fəlakətlər və bunun nəticəsində ərzaq qiymətlərinin artması səbəbindən davamlı olaraq yüksək səviyyəli kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir. Bu il 7,1 milyon insanın, yəni ölkə əhalisinin təxminən yarısının böhran səviyyəsində ərzaq təhlükəsizliyi ilə üzləşdiyi bildirilir.

Bu humanitar böhranın Sudandakı münaqişədən qaçan 630 mindən çox Cənubi Sudanlı və təxminən 200 min sudanlı qaçqının gəlməsi ilə daha da pisləşdiyi təxmin edilir.

Cənubi Sudan hökuməti may ayında beynəlxalq ictimaiyyətə ölkəni vurması gözlənilən daşqınların fövqəladə riski barədə xəbərdarlıq etmişdi.

Paylaş: