25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

18-04-2024

“Lloyd’s of London” və “Arch Insurance” sığorta şirkətləri 2022-ci ilin sentyabrında “Şimal axını” qaz boru kəmərinin partlamasına görə operator “Nord Stream AG” şirkətinə kompensasiya ödəməkdən imtina edib.

Fhnews.az Rusiya mediasına istinadən xəbər verir ki, sığortaçılar kompensasiyanın 400 milyon avro həcmində olmasından da narazıdırlar.

Londonun Ali Məhkəməsinə göndərilən sənəddə deyilir ki, tərəflər arasında imzalanan müqavilədə “müharibə”, “münaqişə”, “hərbi əməliyyatlar” zamanı kəmərə zərər dəyəcəyi təqdirdə ödənişin olmayacağı öncədən qeyd olunub.

““Şimal axını” qaz boru kəməri isə Ukrayna ilə Rusiya arasında baş verən hərbi münaqişə nəticəsində, siyasi səbəblərlə partladılıb və cavabdeh tərəf kompensasiya ödəməyə bilər”, - deyə məlumatda qeyd olunur.

Martda “Nord Stream AG” şirkəti London Ali Məhkəməsinə müraciət edərək Rusiyadan Avropaya Baltik dənizinin dibi ilə qaz ixracını həyata keçirən “Şimal axını” layihəsini sığorta edən “Lloyd’s of London” və “Arch Insurance” şirkətlərindən 400 milyon avro tələb edib. Operator şirkət bildirib ki, kəmərin tam bərpası üçün 1,2 milyard avro lazımdır. Bu vəsaitlə borunun qalıqları dənizin dibindən çıxarılaraq təmir olunacaq və yerinə qoyulacaq. Məhkəmə iddialarının analizini həyata keçirən “Solomonic” qrupu bildirib ki, bu, son illər ərzində London Ali Məhkəməsinin araşdırdığı ən böyük məbləğli iddiadır.

Rusiya iddia edir ki, kompensasiyanın ödənilməsindən imtina edilməsi Qərbə etimadı daha da zəiflədəcək.

Paylaş: