25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Arxeoloqlar II Ramzesin heykəlinin yuxarı hissəsini tapıblar

05-03-2024

Misir-ABŞ birgə arxeoloji missiyası Misirin Minya şəhərinin cənubunda aparılan qazıntılar zamanı firon II Ramzesin nəhəng heykəlinin yuxarı hissəsini aşkar edib.

Fhnews.az xəbər verir ki, bu barədə Misirin Turizm və Antik Əsərlər Nazirliyi məlumat yayıb.

Missiyanın Misir komandasının rəhbəri Bassem Cihad verdiyi açıqlamada bildirib ki, əhəngdaşı blokunun hündürlüyü təqribən 3,8 metr təşkil edir və içərisində ikiqat tac taxaraq əyləşmiş II Ramzesin heykəli var. Onun üzəri isə fironun hakimiyyətinin rəmzi olan kobra ilə örtülüb. Arxeoloqun sözlərinə görə, heykəlin arxa sütununun yuxarı hissəsində qədim Misirin ən güclü fironlarından biri olan II Ramzesi vəsf edən heroqlif yazılar var.

Böyük Ramzes kimi də tanınan Misirin on doqquzuncu sülaləsinin üçüncü fironu eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib. Heykəlin bütöv ölçüsü onun onilliklər əvvəl qazılmış alt hissəsi ilə birləşdikdə, təxminən 7 metrə çatacaq.

Nil çayının qərb sahilində yerləşən Əl Əşmuneyin şəhəri qədim Misirdə Xemnu kimi tanınırdı və Yunan-Roma dövründə Hermopolis Maqnanın regional paytaxtı idi.

Misirin Antik Əsərlər Ali Şurasının rəhbəri Mustafa Vəzirinin sözlərinə görə, araşdırmalar təsdiqləyib ki, heykəlin yuxarı hissəsi 1930-cu ildə alman arxeoloqu Günter Röder tərəfindən kəşf edilmiş aşağı hissəyə uyğundur.

Missiya, heykəlin iki hissəsi birləşdirildikdə onun necə görünəcəyini modelləşdirməzdən əvvəl bloku təmizləməyə və bu prosesə hazırlaşmağa başlayıb.

Paylaş: