25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Amerikanı kəşf edən Kolumbun mənşəyi yüz illərlə davam edən mübahisələrdən sonra məlum olub

13-10-2024
IMG

Məşhur kəşfiyyatçı Kristofer Kolumbun mənşəyi ilə bağlı sual nəhayət ki, cavablandırılıb. İllərlə aparılan araşdırmalardan sonra Kolumbun Qərbi Avropalı Sefarad yəhudisi olduğu üzə çıxıb.

1492-ci ildə Amerikanı kəşf edən Kolumbun İtaliyanın Genuya şəhərindən olduğu düşünülürdü. 

Bununla belə, bu nəzəriyyəni şübhə altına alan bəzi ekspertlər tədqiqatçının ispan yəhudisi, yunan, bask, portuqal və ya ingilis ola biləcəyini irəli sürürdülər. 

İspaniyanın Qranada Universitetindən məhkəmə tibb mütəxəssisi professor  Xose Antonio Lorentenin rəhbərlik etdiyi tədqiqat qrupu 22 illik araşdırmadan  sonra bu suala cavab tapıb. Alimlər Sevilya Katedralində dəfn edilən Kolumbdan DNT nümunələri götürərək, onları araşdırıblar. Tədqiqatçılar eyni zamanda onun qardaşı Dieqo və oğlu Hernandonu da nümunə götürüblər.

Çoxəsrlik sirr şənbə günü İspaniyanın ictimai yayımı RTVE-də yayımlanan “Colón ADN, su verdadero origen” sənədli filmində aydınlaşdırılıb.
Tədqiqatçılar Kolumbun Sefarad yəhudisi olduğunu müəyyən ediblər. 1492-ci ildə xristian hökmdarlar tərəfindən İspaniyadan qovulan yəhudilərin əksəriyyəti Osmanlı İmperiyası, Hollandiya, İtaliya, Balkanlar, Şimali Afrika və Yaxın Şərqdəki icmalar tərəfindən qəbul edilir. Bu qrupları təmsil edən Sefarad sözü İbranicə İspaniya deməkdir. Professor  Lorente izah edib ki, 25 bölgəni təhlil etdikdən sonra Kolumbun Qərbi Avropada doğulduğunu söyləyə bilərlər. Ekspert onu da əlavə edib ki, tədqiqatçının mənşəyi ilə bağlı araşdırma mürəkkəb olub, lakin nəticə demək olar ki, tam əminliklə olub. 

Araşdırma qrupu həmçinin cümə axşamı Sevilyadakı qalıqların Kolumba aid olduğunu təsdiqlədiklərini açıqlayıb. Dominikan Respublikası uzun müddətdir ki, Kolumbun qalıqlarına ev sahibliyi etdiyini iddia edir. 

1877-ci ildə Dominikan Respublikasının paytaxtı Santo Dominqodakı bir kilsədə qurbangahın arxasında basdırılmış vəziyyətdə Kolumba aid olduğu deyilən sümük parçaları olan qurğuşun qutusu tapılıb.

Alimlər bu iddianın doğru ola biləcəyini və qalıqların bir hissəsinin Dominikan Respublikasında ola biləcəyini bildirirlər. 

1506-cı ildə 55 yaşında İspaniyanın Valyadolid şəhərində vəfat edən Kolumb bu gün Dominikan Respublikası və Haiti tərəfindən paylaşılan Hispaniola adasında dəfn olunmaq istəyirdi. 

Onun cəsədi 1542-ci ildə oraya,1795-ci ildə isə  Kubaya aparılıb. Daha sonra 1898-ci ildə İspaniyanın Sevilya şəhərinə köçürülüb.

Paylaş: