25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Altmış mindən çox miqrant Birləşmiş Krallıqda sığınacaq ala bilər

17-10-2024
IMG

Qaçqınlar Şurası (Refugee Council) xeyriyyə təşkilatının proqnozlarına əsasən, Baş nazir Kir Starmer Mühafizəkarların Ruanda planını ləğv etdikdən sonra, gələn il 60 mindən çox miqrant Birləşmiş Krallıqda sığınacaq alacaq.

Təşkilat bildirir ki, Mühafizəkarlar Partiyasının hakimiyyəti dövründə qanunsuz yollarla Britaniyaya keçərək sığınacaq axtaran 119 min miqrantdan təxminən 62 mininə qaçqın statusu veriləcəyi gözlənilir.

Keçmiş Baş nazir Rişi Sunak tərəfindən qəbul edilmiş qanunlar çərçivəsində, qeyri-qanuni yollarla ölkəyə gələnlərin saxlanılması və Ruanda kimi ölkələrə deportasiya edilməsi nəzərdə tutulurdu. Lakin Leyboristlər hökuməti Mühafizəkarların qəbul etdiyi "Qeyri-Qanuni Miqrasiya Aktı"nın miqrantların sığınacaq hüququnu məhdudlaşdıran və onların üçüncü ölkəyə deportasiyasını nəzərdə tutan müddəalarını ləğv edib.

Qaçqınlar Şurasının qiymətləndirmələrinə əsasən, hazırda sığınacaq qərarını gözləyən 118 min 882 miqrantın təxminən 53 faizi müsbət cavab alacaq. Bu proqnoz Böyük Britaniyada sığınacaq istəyən millətlərin əvvəlki göstəricilərinə əsaslanır.

Paylaş: