Yataqxanalarda yanğın təhlükəsizliyi
Yataqxanaların yanğın təhlükəsindən qorunması daim Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin diqqət mərkəzindədir. Bu məqsədlə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mütəmadi olaraq yataqxanalarda olur, sakinlərlə görüşərək onların yanğın-texniki biliyinin artırılması üçün maarifləndirmə tədbiri həyata keçirirlər. Tədbirlər zamanı sakinlərin nəzərinə çatdırılır ki, yataqxana otaqlarında qeyri-standart, nasaz və istifadəsi nəzərdə tutulmayan elektrik avadanlıqlarından istifadə etmək olmaz. Hər hansı bir nasazlıq (naqillərin qızması, lampaların nasazlığı, qığılcım və s.) aşkar edilərsə, təhlükəsizlik vəziyyətinə gətirilənədək elektrik cərəyanı dərhal kəsilməlidir.
Hər bir yataqxana sakinii yaşayış yerində elektrikdən düzgün istifadəyə və yanğından mühafizə qaydalarına əməl etməyə görə məsuliyyət daşıyır. Yataqxanada yanğın və yaxud yanma əlamətləri (tüstü, yanıq iyi, temperaturun yüksəlməsi və s.) hiss edilərsə, bu halda hər bir şəxs özünün və digər şəxslərin təxliyəsini təmin edərək yanğının söndürülməsi və maddi dəyərlilərin qorunub saxlanması üzrə mümkün tədbirləri görməlidir. Bununla yanaşı, telefonla komendanta, rəhbərliyə təcili məlumat verməklə Fövqəladə Hallar Nazirliyinin “112 qaynar xətti”nə zəng etməlidir (bu zaman həmin şəxs öz adını və soyadını, obyektin ünvanını, yanğın baş verdiyi yeri bildirməlidir).
Yataqxanaların komendantları və digər müvafiq vəzifəli (çavabdeh) şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə vaxtaşırı baxış keçirməli, onların tabeliyində olan ərazidə keçidlərin, yolların, yanğın su mənbələrinin və onların göstəricilərinin vəziyyətinə nəzarət etməli, mütəmadi olaraq köçürmə yollarının, çöl (binanın xariçində) köçürmə nərdivanlarının, eyvanlarda olan keçid qapılarının, yanğına qarşı qurğuların vəziyyətini yoxlamalıdırlar.
Eyni zamanda yataqxana sakinləri ümumi istifadə edilən pilləkən və dəhlizləri artıq əşyalarla tutmamalı, elektrik naqillərini, elektrik və qızdırıcı qurğularını daima saz vəziyyətdə saxlamalı, uşaqların odla oynamalarına yol verməməli, boyaların və lakların tətbiqi ilə mənzil daxili işlərin aparılması, kimyəvi məişət əşyalarından, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirlərinə riayət etməli, binada təyin edilmiş yanğına qarşı rejimə riayət etməli, yanğın baş verərsə, yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli və dərhal yanğının söndürülməsini ilkin yanğınsöndürmə vasitələri ilə təşkil etməlidir.
Yataqxanalarda yanğın təhlükəli işlərin tətbiq olunması ilə aparılan əsaslı təmir işləri dövründə DYNX-yə müraciət olunmalı, həmin binalarda yaşayan əhalinin və xidməti heyətin digər binalara köçürülməsi təmin edilməlidir. Yataqxanların həyətyanı sahələri yanan materiallardan daima təmizlənməlidir. Yana bilən tullantılar xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılmalı və vaxtında daşınıb aparılmalıdır. Yanğına qarşı su hovuzuna, həmçinin yanğın qurğularına və vasitələrinə sərbəst yaxınlaşma təmin edilməli, ərazi işıqlandırılmalıdır. Yanğın avtomobillərinin hərəkətinə maneə törədə bilən ayrı-ayrı yol sahələrinin, keçidlərinin təmiri zamanı və yaxud yaranmış hər-hansı bir məhdudiyyət barəsində Dövlət Yanğından Mühafizə Xidməti məlumatlandırılmalıdır.
İnsanların yanğın haqqında xəbərdar edilməsi üçün səs siqnalları quraşdırılmalı və yanğınların söndürülməsi üçün su ehtiyatları nəzərdə tutulmalıdır;
Müvafiq İcra Hakimiyyəti orqanlarının icazəsi olmadan yataqxanalarda yenidənqurma işlərinin aparılması, qarajların və tikililərin quraşdırılması, meydançalarda və həyətyanı sahələrdə yanar və tezalışan mayelər olan çənlərin, həmçinin təzyiq altında olan qaz balonlarının (ərazi və binalarda) yerləşdirilməsi qadağandır.
Yataqxana binalarının çardaqları daima təmiz olmalıdır. Texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı saxlanılmalıdır. Pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlarla bağlanmalıdır.
Yataqxanaların elektrik qurğuları, şəbəkələri və işıqlandırıcıları mövcud tələblərə tam cavab verməlidir. Binaların rəhbərləri istismar etdikləri elektrik qurğu və şəbəkələrə texniki qulluq göstərilməsini müqavilə yolu ilə xüsusiləşdirilmiş təşkilatlar tərəfindən həyata keçirilməsini təmin etməlidirlər. Onlar elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuların aradan qaldırılmasına, qısaqapanmadan, artıq yüklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət etməlidirlər.
Yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilməsi yolu ilə bərkidilməlidir. Müvəqqəti elektrik şəbəkələrinin qurulması və istismarı qadağandır. İstisna hallarda tikinti, təmir və qəza işləri aparılan sahələrdə müvəqqəti elektrik şəbəkəsindən istifadə etmək olar. Elektrik qızdırıcı qurğuların, stolüstü işıqlandırıcıların, radio-televizor cihazlarının, soyuducuların və s. cihazların şəbəkəyə qoşulması üçün yalnız standartlara uyğun birləşdiricidən istifadə edilməsinə icazə verilir.
Elektrik şəbəkələrinin və qurğularının istismarı zamanı üst örtüyü zədələnmiş elektrik naqilindən istifadə edilməsi, elektrik şəbəkələrinin qorunması üçün nəzərdə tutulmuş avtomat qoruyucular əvəzinə dövlət standartına uyğun olmayan qoruyuculardan (burulmuş məftil və s.) istifadə edilməsi, elektrik naqillərinin, işıqlandırıcıların kəndir ilə bərkidilməsi, lampa qalpaqların və çılçıraqların elektrik naqilindən asılması qadağandır.
Sakinləri elektrik və qızdırıcı cihazlardan təhlükəsiz istismar edilməsi barədə təlimatlandırmaq lazımdır.
Binanın tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.
Köçürmə yolları və dəhlizlər daima elektrik işığı ilə işıqlandırılmalıdır. Köçürmə qapılarının, eləcə də ümumi istifadədə olan dəhlizlərin qarşısına mebellərin və ya başqa əşyaların yığılması, köçürmə pilləkənlərinin və çıxışlarının tamam bağlanması, pilləkan qəfəsələrində şüşəbənd və ya jalüzlərin düzəldilməsi, köçürmə yolunda hərəkətedən və fırlanan qapıların quraşdırılması qadağandır.
Yataqxanaların hər mərtəbəsində odsöndürən balonlar yerləşdirilməlidir. Odsöndürən balonlar yer səviyyəsindən 1,5 metr hündürlükdən çox olmamalıdır. Qapının küncündən (asılı vəziyyətdə) 1,2 metrdən az olmayan məsafədə yerləşdirilməlidir. Odsöndürən balonlar köçürmə (təxliyyə) yollarında maneçilik törətməməli və elə quraşdırılmalıdırlar ki, onların gövdəsində olan məlumat yazısı görünsün.
Yanğın baş verən zaman insanların köçürülməsinə (təxliyə olunmasına) kömək edən qurğuların (yanğınxəbərverici, tüstüdən mühafizə qurğuları, təxliyənin işıqlandırıcıları və təhlükəsizlik nişanları) işlək və saz vəziyyətdə saxlanmalıdır. Köçürmə yollarının yanar materiallardan olan üzlüklərlə bəzədilməsinə yol verilməməlidir. Köçürmə (təxliyyə) yollarının üzərində, döşəmədən 2-2,5 metr hündürlükdə «ÇIXIŞ» sözü yazılmış işıqlandırıcı lövhələr asılmalıdır. Pilləkən qəfəsələri, köçürmə (təxliyyə) yolları, keçidlər və dəhlizlər adamların hərkətinə maneə törədə bilən kənar əşyalardan daima təmizlənməlidir.
Yanğın zamanı pəncərələrin və qapıların açılmasından, həmçinin şüşələrin sındırılmasından mümkün qədər imtina etmək lazımdır. Otağı və ya binanı tərk edərkən qapıları və pəncərələri bağlamaq lazımdır, çünki hava axını yanğının yayılmasına şərait yaradır. Tüstüdən müdafiə sistemi olan binalarda yanğın zamanı tüstünün xaric edilməsini və havanın vurulmasını təmin edən ventilyatorları hərəkətə gətirmək lazımdır.
Yataqxanaların komendatları, inzibati nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı və belə halların baş verməməsi üçün profilaktiki tədbirlər həyata keçirməli, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına ciddi yanaşmalıdırlar.
Rövşən Bəkirov
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qaşı təbliğat şöbəsinin böyük təlimatçısı
FHN yolların buz bağlaması ilə əlaqədar...
Kəskin soyuq və yağıntılı hava...
İctimai iaşə müəssisələrində yanğın...
Yataqxanalarda yanğın təhlükəsizliyi...
Təhsil müəssisələrində yanğın...