22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

İctimai iaşə müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir

11-02-2025
IMG

Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ictimai iaşə müəssisələrinin (şadlıq evlərinin, restoranların, kafe və yeməkxanaların) yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri və ya sahibkarlar daşıyırlar.

Restoranların, şadlıq evlərinin, kafe və yeməkxanaların ərazisi daım təmiz saxlanılmalı, iş qurtardıqdan sonra qablaşdırma və yanar materiallardan təmizlənməlidir. Tullantılar müntəzəm olaraq xüsusi ayrılan çəpərlənmiş sahələrə yığılıb və vaxtı-vaxtında daşınıb aparılmalıdır.

İctimai iaşə müəssisələrinin ərazilərində tonqal qalamaq, tullantı və qablaşdırma materiallarını yandırmaq qadağandır.

İctimai iaşə müəssisələrinin əraziləri gecə vaxtı işıqlandırılmalıdır.

Restoranlar, şadlıq evləri, kafe və yeməkxanalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

İctimai iaşə müəssisələrinin binalarında müəyyənləşdirilmiş qaydada yenidənqurma layihəsinin işlənilib hazırlanmadan və Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırmadan otaqları yenidən planlaşdırmaq və bu zaman tikinti materiallarının odadavamlılıq həddinin aşağı düşməsinə və insanların köçürülmə şəraitinin pisləşməsinə yol verilməməlidir.

 Restoran, şadlıq evləri, kafe və yeməkxana binalarının ( odadavamlıq üzrə dərəcəsi binalardan başqa) dəhlizlərində, pilləkən qəfəslərində-vestibüllərdə və yollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkmək qadağandır.

 Benzin, ağ neft və digər asan alışan və yanar mayelərlə otaqları yumaq olmaz.

 İctimai iaşə müəssisələrində otaqları istilik radiatorları və digər elektrik avadanlıqları ilə isitmək yolverilməzdir..

İaşə müəssisələrində tüstü bacalarının və tüstü borularının təmizlənməsi isitmə mövsümü başlanmazdan qabaq və bütün isitmə mövsümü ərzində hər 3 aydan bır qurumdan təmizlənməlidir. Fasiləsiz işləyən sobaların və ocaqların tüstü boruları isə hər 2 aydan bir təmizlənilməlidir.

Unutmaq olmaz ki, şadlıq evləri, restoran, kafe və digər mətbəxi olan müəssisələrin tüstü bacası normal işləmədikdə, vaxtında təmizlənmədikdə yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfiqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə C-yə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir.

İaşə müəssisələrində nasaz sobalardan və tüstü borularından istifadə etmək qadağandır.

Havaçəkən sistem işləməli, tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklikdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalıdır.

Restoran, şadlıq evi, kafe və yeməkxanalarda tüstü bacalarına qazla işləyən sobaların və suqızdırıcıların çıxış borularının qoşulması qadağandır.

Təmir işləri aparılarkən tüstü bacalarını və havaçəkmə kanallarını sökmək, zədələmək və ya onların qarşısını tutmaq olmaz.

Tüstü bacasının içərisindən su və qaz xətlərinin çəkilməsinə yol verilməməlidir. Çünki tüstü bacasının divarının zədələnməsi və ya uçması nəticəsində onların tutulması və yararsız vəziyyətə düşməsi baş verir.

Yadda saxlamaq lazımdır ki, tüstü bacalarının təmizlənməməsi insanların həyatı üçün ciddi təhlükədir.

Tüstü bacalarının təmizlənməsi sıravi istehlakçıların işi deyil. Xüsusi bilik, təcrübə tələb olunan işdir. Bu yoxlamalar aktla rəsmiləşdirilir və Dövlət Yanğın Nəzarəti Xidmətinə təqdim olunur.

İçtimai iaşə müəsisələrinin havadəyişmə sistemləri müstəqil olmalıdır.

Ventilyasiya sistemlərinin avtomatik yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemləri ilə birləşdirilməsi üçün nəzərdə tutulan qurğular saz vəziyyətdə saxlanılmalıdır,

İçtimai iaşə müəsisələrində yanğın baş verən zaman havadəyişmə qurğusunu dərhal şəbəkədən ayırmaq lazımdır. Havadəyişmə qurğularının şəbəkədən ayrılması qaydası yanğın təhlükəsizliyi tədbirləri haqqındakı təlimatda qeyd edilməli və obyektin fəhlə və quluqçuları tərəfindən diqqətlə öyrənilməlidir.

Yanğına qarşı hörgülər, yanmayan sorma çətirlər və kanallar texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.

Havadəyişmə kanalarından tüstü yolu kimi istifadə etmək qadağandır.

Havadəyişmə kanalarına qaz isidici cihazları qoşmaq olmaz.

Sorma kanalarını, gözlüklərini və barmaqlıqlarını bağlamaq olmaz.

Havadəyişmə kameralarının qapaqlarını açıq vəziyyətdə saxlamaq qadağandır.

İctimai iaşə müəssisələrində istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqları qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməlidir.

Restoran, şadlıq evi, kafe və yeməkxanalarda elektrik qurğularının istismarı vəziyyətinə cavabdeh şəxs təyin edilməlidir. Xırda ticarət və ictimai iaşə müəssisəsinin rəhbəri, elektrik avdanlığının və elektrik şəbəkəsinin texniki istismarını və texniki qulluğunu ixtisaslaşdırılmış təşkilatlarla müqavilə yolu ilə təmin etməlidir.

Elektrik qurğularının istismarı zamanı izolyasiyası zədələnmiş, yaxud qoruyucu xassələrini itirmiş naqillərdən və məftillərdən istifadə etmək, otaqların isidilməsi üçün qeyri-standart elektrik qızdırıcı sobalardan, yaxud elektrik közərmə lampalarından istifadə etmək, sonluqları izolə edilməmiş elektrik naqillərini və məftillərini gərginlik altında saxlamaq qadağandır.

 Zədələnmiş (nasaz) rozetkalardan, şaxələndirmə qutularından, ayırıcı açarlardan (rubilniklərdən) və digər elektrik qurğu məmulatlarından istifadə etmək olmaz.

İctimai iaşə məssisələrinin rəhbərləri qaynaq və digər od işləri aparıldığı zaman yanğın təhlükəsizliyi qaydalarının tələblərini həm özləri yerinə yetirməli, həm də tabeçiliyində olan əməkdaşlar tərəfindən bu qaydalara ciddi riayət olunmasına nəzarət etməlidirlər. Həmin qaydalara müvafiq olaraq elektirik qaz qaynaqçıları qaynaq işlərinin aparılması üçün müəssisə rəhbərindən yazılı şəkildə icazə almalıdırlar.

Nahar zallarında masaların yerləşdirilməsi yanğın baş verdiyi hallarda istehlakçıların sərbəst köçürülməsinə maneəçilik törətməməlidir. İctimai iaşə müəssisələrinin istismar prosesində nahar zallarının keçid yollarında istehlakçıların hərəkətlərinə maneəçilik törədən masalar, stullar və s qoyulmasına icazə verilmir. Yanğın təhlükəsizliyi şərtləri üzrə restoran və yeməkxanalarda adamların çıxışa tərəf köçürülməsi üçün ən azı 1,35 m enində yol qoyulmalı və ayrı-ayrı oturacaq yerlərinə yanaşmaq üçün sərbəst keçid saxlanılmalıdır.

İctimai iaşə müəssisələrində kütləvi tədbirlərin (teatr tamaşaların, yeni II şənliklərin, banketlərin, toyların və s) keçirilməsinə müvafiq otaqda işıqlandırıcı göstəricilərlə təchiz edilmiş, ən azı 2 köçürmə çıxış yollarının mövcud olduğu zaman icazə verilir. Bu zaman aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

 -yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan şəxsi təyin etmək;

 -həmin şəxs yanğın təhlükəsizliyi qaydalarına dair ictimai iaşə müəssisəsinin müdriyyətindən təlimat alır və yanğına qarşı lazımi tədbirlərin həyata keçirilməsini təmin edir;

 -ictimai iaşə müəssisələrində keçirilən tədbirlərdən qabaq otaqları diqqətlə gözdən keçirmək və onları yanğın təhlükəsizliyi tələblərinə müvafiq vəziyyətə gətirmək;

-müvəqqəti estradaların və səhnələrin, işıq və xüsusi aparatların qurulmasını, məftil və kabellərin çəkilməsinin elə təşkil etmək lazımdır ki, köçümə şəraiti pisləşməsin;

-müvəqqəti elektirk qəbuledicilərini (elektrik musiqi alətləri, səs gücləndiriciləri “işıq cihazları və s) tətbiq edildiyi zaman onların müvəqqəti elektrik şəbəkəsinə qoşulmasına yol verməmək.

İctimai iaşə müəssisələrində kütləvi tədbirlər zamanı işıqlandırıcı aparatların (projektorlar, sofitlər və s) yanar materiallara yaxın 0,5 m məsafədə qurulmasına yol verilmir. Projektorlarda və sofitlərdə yanar materiallardan olan işıq filterlərinin tətbiq edilməsi qadağandır.

Restoran, şadlıq evi, kafe və yeməkxanalarda Yeni il bayramlarının (şənliklərinin) keçirildiyi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir:

-şam ağacı bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın.

-şamlardan, pirotexniki vasitələrdən, atəşfəşanlıqdan istifadə etmək, şam ağacını selüloit oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi qadağandır.

 Texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal iş rejimində, yanğın cəhətdən təhlükəsiz olmalıdır, təhlükəli nasazlıqlar və qəza halları üçün işdə baş verə biləcək yanğının həcmini və nəticəsini məhdudlaşdıran, zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

İctimai iaşə müəssisələrində şəbəkəyə qoşulan elektrik və qaz pilitələrini, qızdırıcı qənnadı şkaflarını, digər qızdırıcı cihazlarını nəzarətsiz qoymaq olmaz.

Qaz borularından və cihazlarından qaz sızmasının aşkar edilməsi üçün açıq oddan, kibritdən və s. istifadə etmək təhlükəlidir.

Mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu balonlar qoymaq və ya saxlamaq qadağandır.

Köçürmə yolarında qarderoblar və bufetlər qurmaq olmaz.

Nahar zallarının divarlarını və pəncərələrin pərdələrini yanar və yandıqda zəhərləyici olan sintetik materiallarla bəzəmək qadağandır. 

Restoran, şadlıq evi, kafe və yeməkxanalarda yanğın hidrantlarına və yanğın kranlarına hər altı aydan bir texniki qulluq göstərilməli, zəruri hallarda yanğın təhlükəsizliyi xidmətinin və obyektin inzibati heyətinin iştirakı ilə birlikdə su kəməri xidmət orqanı tərəfindən suyun buraxılması yolu ilə yoxlanılmalıdır.

İctimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında partlayıcı maddələrin, qazla dolu balonların, tezalışan və yanar mayelərin, nitrolakların və nitroemalların, məişətdə tətbiq edilən kimyəvi malların, aerozol qablaşdırmada olan malların, sellüloid və ondan hazırlanan məmulatların, habelə digər yüksək yanğın təhlükəli malların saxlanılması qadağandır.

Köçürmə yollarında qəza işıqları saz vəziyyətdə saxlanılmalıdır.

Yanğın baş verən zaman xüsusi yanğın liftlərindən başqa qaldırıcı mexanizmlərdən və liftlərdən İstifadə edilməsi qadağandır. Restoranlarda və iri universal mağazalarda adamların çıxış qapılarına, stasionar pilləkənlərə doğru ən qısa yollar təhlükəsizlik nişanları ilə aydın işarələnməlidir.

Köçürmə yollarında fırlanan və sürüşən qapıların habelə dolama pilləkənlərin və pilləkən döngələrin qurulmasına icazə verilmir.

Restoranların, şadlıq evlərinin, kafe və yeməkxanaların rəhbərləri zalların istehlakçılarla həddən artıq dolmasına yol verməməlidirlər.

Restoran, şadlıq evi, kafe, yeməkxana zallarının tutumu adamların hesablama sayına uyğun olmalıdır. Restoran, kafe, yeməkxanalara gələn istehlakçılar üçün zalların hər oturacaq yer üçün sahə tutumu ən azı 1.4 kv.m. hesabı ilə qəbul edilməlidir.

İctimai iaşə müəssisələrinin otaqlarında olan xalça və xalça ayaqaltıqları döşəməyə kip bərkidilməlidir. Köçürmə yollarında yanar və yandıqda zəhərlənmə törədə bilən bəzək üzlük materiallarının tətbiq edilməsi qadağandır. Köçürmə yollarındakı döşəmə örtükləri (xalçalar, palazlar) az kaloriyalı alışma mənbələrin qısa müddətli təsirindən alışmamalıdır;

Restoran, şadlıq evi, kafe və yeməkxanaların işçiləri yanğın, yaxud alışma aşkar etdikdə aşağıdakı qaydada hərəkət etməlidir:

-bu haqda dərhal yanğın təhlükəsizliyi xidmətinə xəbər verməli;

-iş yerində mövcud olan yanğınsöndürmə vasitələri ilə (odsöndürənlər, daxili yanğın kranı, stasionar yanğınsöndürmə qurğuları və s.) yanğının mənbəyini söndürməyə başlamalı;

-obyekt rəhbərinin yanğın yerinə çağırılması üçün müvafiq tədbirlər həyata keçirməli;

-yanğının söndürülməsi ilə məşğul olmayan adamları binadan, yaxud təhlükəli zonadan kənar etmək;

-insanların həyatı üçün təhlükə yaranan hallarda, bütün mövcud qüvvə və vasitələrdən istifadə etməklə onların dərhal xilas olunmasını təşkil etmək;

-lazım gəldiyi hallarda qazdan xilasetmə, tibbi və digər xidmət orqanlarını çağırmaq;

-yanğının ləğv edilməsi ilə əlaqədar olmayan bütün işləri dayandırmaq;

-elektrik enerjisini ayırmaq, havadəyişmə qurğusunu dayandırmaq, tüstünü kənar edən sistemi işə salmaq və yanğının yayılmasının qarşısını ala bilən digər tədbirlər həyata keçirmək.

Restoran, şadlıq evi, kafe və yeməkxanaların hər bir işçisi yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir.

Rövşən Bəkirov,

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına

qarşı təbliğat şöbəsinin böyük təlimatçısı.

 

 

 

 

 

 

Paylaş: