FHN-in Şimal Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Əvvəlcə, Şimal Regional Mərkəzinin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Azərbaycan xalqının böyük oğlunun əziz xatirəsi ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Keçirilən yarışda Şimal Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Maneələr zolağı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Şabran şəhəri 2 nömrəli tam orta məktəbin komandası I yerə, Quba rayonu, Qaraçay kənd tam orta məktəbinin komandası II yerə, Xaçmaz rayonu, Nərəcan kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunub.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...