Çimərliklərdə xilasedicilərin çağırış və tələblərinə ciddi əməl edilməlidir
İsti yay günlərində sərinlənmək həvəsi insanları nəinki Xəzər dənizinin, hətta respublikanın digər sututarlarının, çaylarının, göllərinin sahilinə üz tutmağa vadar edir. Son illər çimərlik turizminin inkişafı nəticəsində çimərliklərdən istifadə edən insanların sayının xeyli dərəcədə artması ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac yaradıb.
Su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Belə ki, aprel ayından etibarən yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər təşkil edilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsi olub. Monitorinqlərin nəticəsi olaraq yerli icra hakimiyyətlərində aidiyyəti icra hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə müşavirələr keçirilib və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsi, habelə həmin ərazilərə aidiyyəti icra hakimiyyətləri tərəfindən qadağanedici lövhələrin yerləşdirilməsi üçün qərar qəbul edilib. Bununla yanaşı Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA ictimai birliyi tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 ictimai çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb.
Məlumat üçün bildirirəm ki, Xəzər dənizində ilin təxminən 250 günü küləkli hava şəraiti hökm sürür. Məhz bu küləklər nəticəsində sahil zolağına müəyyən daş, qaya parçaları, dəmir-beton qalıqları və digər yad cismlər gətirilir, eyni zamanda küləklərin yaratdığı dalğalar sualtı relyefə təsirsiz ötüşmür. Belə ki, dalğalar nəticəsində sualtı relyefdə çuxurlar, yarğanlar əmələ gəlir və sualtı axınların sürətində artım müşahidə olunur ki, bu amillər bir başa insan həyatı üçün təhlükədir. Qeyd olunan təhlükələri qabaqcadan aşkar etmək üçün mövsüm öncəsi dalğıclar vasitəsilə sualtı müayinələr keçirilir və bu kimi təhlükələr aşkar edildikdə əraziyə xüsusi məlumatverici nişanlar yerləşdirilir. Həmçinin, dənizdə 1.75 m dərinlikdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılır və bu nişanlardan dənizə doğru üzmək qadağan edilir. Çimərliklərdə vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün Azərbaycan və ingilis dillərində 11 adda çap olunmuş maarifləndirici lövhələr yerləşdirilib. Xidmətin balansında olan xilasetmə texnika və vasitələr işlək vəziyyətə gətirilib.
İyun ayının 15-dən Xidmət çimərlik mövsümündə suda boğulma hallarının qarşısını almaq məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Eyni zamanda çimərliklərdə xilasetmə işlərinin daha səmərəli təşkil olunması məqsədilə müqavilə əsasında vakant matros-xilasedici vəzifələrinə 50 nəfər qəbul edilib. Bununla yanaşı Xidmətin nəzarət etdiyi çimərliklərdə Nazirlik tərəfindən müraciətə əsasən, suda boğulmaq təhlükəsindən xilas olunmuş vətəndaşlara tibbi yardımın göstərilməsi və ehtiyac yarandıqda zərərçəkənlərin xəstəxanalara çatdırılması üçün təcili tibbi yardım avtomobili ilə təchiz edilmiş həkim briqadaları da xidmət aparırlar. Yuxarıda qeyd olunmuş təhlükəsizlik tədbirləri tək Abşeron yarımadasında deyil, dövlət tərəfindən yaradılmış ölkənin digər sahilboyu şəhər və rayonlarında mövcud rəsmi çimərliklərdə həyata keçirilib.
Son illər ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı su hövzələrinin kənarında istirahət obyektlərinin sayı artmaqdadır. Həmin istirahət mərkəzlərinin yaratdığı imkanlar (xidmət və şərait) vətəndaşların kütləvi şəkildə həmin ərazilərə üz tutmalarına imkan yaradır. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik ərazilərində fəaliyyət göstərən istirahət obyeklərində insanların sularda təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirlər həyata keçirir. Sahil boyu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərində Nazirliyin müvafiq qurumları ilə birgə mövsümqabağı monitorinqlər aparılır, onlara sularda təhlükəsizliklə bağlı əyani vəsaitlər, texniki təhlükəsizlik normaları əks olunan bildirişlər paylanılır. Eyni zamanda aparılan monitorinqlərin nəticəsinə əsasən, həm istirahət mərkəzlərinin rəhbərlərinin, həm də yerli icra orqanlarının, bələdiyyələrin, polis, təcili tibbi yardım, təhsil və səhiyyə ocaqlarının, gigiyena və epidemiologiya mərkəzinin rəhbərlərinin və s. iştirakı ilə geniş müşavirələr keçirilir. Bu müşavirələrdə çimərlik və qeyri-çimərlik ərazilərindəki mövcud problemlər müzakirə olunur və onların həlli ilə bağlı yerli icra orqanlarına konkret göstərişlər verilir.
Statistik məlumatlar göstərir ki, xilasedicilərin xidmət apardıqları ərazilərdə insan itkisi olmasa da, xilasetmə məntəqələri və postlarından kənarda, qeyri çimərlik ərazilərində və çimərlik kimi təyinatı nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrində həlak olanlar var. Nəzarətsiz çimərliklər, çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Təəssüflə qeyd edirəm ki, Abşeron yarımadasında illərdir Xidmət tərəfindən təhlükəli ərazi kimi qiymətləndirilmiş məkanlardan istifadə hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur. Bir daha bildiririk ki, Sabunçu rayonu Nardaran qəsəbəsi 12-ci dalan, Sabunçu rayonu Nardaran qəsəbəsi Yaxt klub, Sabunçu rayonu, Ləhiş bağları Estakada, Xəzər rayonu Şüvəlan qəsəbəsi Mil qaya, Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal Qres, Xəzər rayonu Mərdəkan qəsəbəsi Marina beach istirahət mərkəzinin yaxınlığı, Binəqədi rayonu Novxanı və Goradil qəsəbələri aralığında San qaya deyilən ərazi, Qaradağ rayonu Mayak deyilən ərazi, Sumqayıt şəhəri Corat qəsəbəsi Ləman çimərliyinin yaxınlığı Xidmət tərəfindən təhlükəli ərazilər kimi qiymətləndirilərək ərazilərə qadağanedici nişanlar yerləşdirilibr.
Vətəndaşlara müraciət edirik ki, gedəcəkləri çimərlik haqqında əvvəlcədən məlumat toplasınlar.Əgər hər hansı bir çimərlikdə xilasedicilər fəaliyyət göstərmirsə bu sözügedən ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir.Ümumiyyətlə suda boğulmanın bir neçə səbəbləri var. Bunlara sualtı yad cismlərinin (daş, qaya parçaları, dəmir-beton qalıqları) insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, panika və müxtəlif xəstəlikliklər səbəbindən (ürək damar və digər) boğulmaları misal göstərmək olar.
Bəzən vətəndaşlar çimərlik təyinatı kimi istifadəsi nəzərdə tutulmayan su kanallarından, çaylardan, süni göllərdən və digər su obyektlərindən istifadə edirlər. Əsasən rayonlarda insanların bədbəxt hadisələrlə üzləşdiyi məkanlardan biri su kanallarıdır. Bunlara misal olaraq Qarabağ və Samur-Abşeron kanalını qeyd etmək olar. Məlumat üçün bildiririk ki, bu kanalların kənarları beton plitələrdən ibarətdir. Beton plitələrin su ilə təması nəticəsində müəyyən sürüşkən ot təbəqəsi əmələ gəlir ki, kanala düşən insan özü təkbaşına bu kanaldan çıxa bilmir. Eyni zamanda kanallarda suyun axını olduqca sürətlidir. Xüsusən bu təhlükəli su obyektlərindən 10-15 yaş qrupu arasında uşaqlar istifadə etdiyini nəzərə alaraq valideynləri daha diqqətli olmağa çağırırıq.
Nəzarət olunan çimərliklərdə çimmək üçün yararlı və yararsız olan yerlərə müəyyən xəbərdarlıq nişanları, çimərliyin sağ və sol hüdudlarını, həmçinin icazə verilən sahələri bildirən yazılar və məhdudlaşdırıcı nişanlar vurulmasına baxmayaraq, bəzən vətəndaşlar tərəfindən bu məlumatverici lövhələrin tələblərinə məhəl qoyulmur. Etiraf etmək lazımdır ki, mövcüd çaylarda, göllərdə, Xəzər dənizinin bütün sahilboyu zolağında xilasetmə məntəqə və postları yaratmaq qeyri-mümkündür. Ona görə də vətəndaşlar özləri məsuliyyətli olmalı, xilasetmə məntəqə və postları, habelə xilasedicilər olmayan yerlərə üz tutmamalı və həyatlarına təhlükə ola biləcək əməllərdən çəkinməlidirlər. Ağrılı məsələlərdən biri də spirtli içki qəbul edib suya girənlərlə bağlıdır. Sərxoş adamın (hətta yaxşı üzməyi bacarsa belə) dənizə girməsi qarşıda onu nə gözlədiyini bilə - bilə canına qəsd etməsi deməkdir. Eyni zamanda bu cür insanlarda lovğalıq, saymazlıq, irəliyə doğru üzmək həvəsi güclü olduğundan xilasedicilərin çağırışlarına belə məhəl qoymurlar. Digər narahatedici məqam isə ondan ibarətdir ki, güclü küləkli havada, hündür dalğalı dənizdə, dalğanın hündürlüyü üç baldan, küləyin sürəti 10 m/s-dən artıq olan zaman çimməyin qadağan olunmasına baxmayaraq, bəzi vətəndaşlar həyatlarını riskə ataraq özünə güvənmə instinkti ilə dənizə baş vururlar. Çimərliklərdə valideynlər tərəfindən uşaqların nəzarətsiz buraxılması hallarına, təəssüf ki, yol verilir.
Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 nömrəli "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi" barədə qərarı su hövzələrində istirahət və istifadə qaydalarının hüquqi bazasını təşkil edir. Su hövzələrində, çimərliklərdə vətəndaşların təhlükəsizliyi üçün nəzərdə tutulan qaydalar və qadağalar bu qanunda öz əksini tapıb.
Qanunvericiliyin tələblərinə görə çimərlikdə aşağıda göstərilən hallar qadağan edilir.
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- Küləkli havada dənizə girmək;
- Çimərlikdə gecələmək;
- Fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala artması xəbərdarlığından sonra çimərlikdə qalmaq;
- Spirtli içki qəbul edib dənizə girmək;
- Suda kobud hərəkətlər etmək;
- Çimərlik ərazisini məişət və digər tullantılarla zibilləmək;
- Çimərlikdə balıq tutmaq;
- Çimərlik ərazisinə kiçikhəcmli gəmilərlə daxil olmaq;
- Körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;
- Texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və buyların üstünə çıxmaq;
Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz qoyulmamalıdır. Xilasedicilərin cağırış və tələblərinə əməl edilməli, günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmamalı və xəbərdaredici lövhələrin tələblərinə əməl olunmalıdır. Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir.
Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir.
Akşin Əlili
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətiinin
İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi
daxili xidmət polkovnik-leytenantı
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...