22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə riayət edilməlidir?

15-06-2024
IMG

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar ölkə ərazisində qanunsuz heyvan kəsiminin qarşısının alınması, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kəsim məntəqələrinin yaradılması istiqamətində ardıcıl işlər görülməkdədir.

Fhnews.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəkildə təşkili üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Belə ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə riayət olunmalı, fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyət vaxtaşırı tibbi müayinədən keçməli, xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Həmçinin fərdi mühafizə geyimi çirkləndiyi halda mütəmadi təzələnməlidir. Əraziyə zərərvericilərin və digər heyvanların (it, pişik) daxil olmasının qarşısı alınmalıdır. Tullantılar sanitariya-gigiyena qaydalarına uyğun toplanaraq vaxtaşırı kənarlaşdırılmalıdır. Bundan başqa, alət və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməlidir. Heyvan kəsimi məntəqəsində fəaliyyət göstərən qəssab istifadə edilən ləvazimatların təmizliyini təmin etməli, heyvanların rifahı qorunmaqla kəsimini həyata keçirməlidir. Kəsim zamanı sanitar-gigiyenik tələblərə əməl olunmalı, kəsilmiş heyvanın emalı müvafiq ardıcıllıqla aparılmalı və təmizliyə riayət edilməlidir. Heyvan nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalıdır. Heyvanlar kəsimədək qənaətbəxş şəraitdə saxlanılmalı, kifayət qədər içməli su ilə təmin edilməlidir. Heyvanların kəsimə hazırlanması onlarda qorxu və stres yaratmamalıdır. Kəsim digər heyvanların gözü önündə aparılmamalıdır. Kəsim heyvana əziyyət vermədən, cəld icra edilməlidir. Zədəli heyvanlar gecikdirilmədən təcili kəsilməlidir.

Qurbanlıq heyvanların cəmdəklərinin satışı həyata keçirilən satış şəbəkələri soyuducu avadanlıqlarla kifayət qədər təchiz edilməli, eyni zamanda soyuq qida zəncirinin tələblərinə əməl olunmalıdır. Satış şəbəkələri xidmət göstərdiyi ərazidə yaşayan əhaliyə qurbanlıq heyvan sifarişini baytarlıq-sanitariya, sanitariya-gigiyena qaydalarına uyğun təmin etmək üçün müvafiq infrastruktura malik olmalıdır. Sifarişi götürülən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Bu satış şəbəkələrində diri heyvanların satışı və kəsiminin həyata keçirilməsi qətiyyən yolverilməzdir. Həmin satış məntəqələrində mövcud soyuducu kameraların imkanlarından artıq sifarişlər qəbul olunmamalıdır. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birlikdə cari ilin 5 ayı ərzində 4500-dən artıq monitorinq keçirib. Monitorinqlər zamanı qanunsuz hallara qarşı müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib.

Vətəndaşlardan bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştirak etmələri, qanunsuz fəaliyyət göstərən və qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı müvafiq qurumlara və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Paylaş: