22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

12-05-2024
IMG

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

Fhnews.az xəbər verir ki, 1974-cü ilin yanvarında rəsmi olaraq mayın 12-nin Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunması barədə qərar verilib.

Həmin tarixin seçilməsi təsadüfi deyil. Mayın 12-si ilk ingilis tibb bacısı Florens Haytingelin doğum günüdür. O, 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis ailəsində dünyaya gəlib. Valideynləri onu doğulduğu şəhərin adına uyğun olaraq Florens adlandırıblar. İyirmi yaşında ikən cəmiyyət üçün yararlı bir şəxs olmaq arzusunu ifadə edən gənc qız gündəliyində belə bir qeyd yazıb: “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim”.

O, 1853-1856-cı illərdə Krım müharibəsi zamanı ilk dəfə “Şəfqət xidməti” təşkil edib. Xüsusən döyüş bölgələrində əsgərlərə yardım göstərən Florens əlində hər zaman lampa tutduğu üçün tarixdə “lampalı qadın” olaraq anılıb və müasir tibb bacısı peşəsinin əsasını qoyub. Mərhəmətli peşə sahiblərini birləşdirən Tibb Bacılarının Beynəlxalq Məsləhət Şurası həmin günü məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təsis edib. Hazırda həmin təşkilat öz ətrafında dünyanın 130 milli assosiasiyasından 27 milyon tibb bacısını birləşdirir.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.

İlk azərbaycanlı şəfqət bacısı, general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin təşkilatçısı olub.

Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsinə düşür. Onu da xatırlatmağa dəyər ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizədə, eləcə də Birinci Qarabağ və Vətən müharibələri dövründə də tibbi bacıları təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər.

Paylaş: