Hepatit B və C-dən fərqli olaraq, hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur
“Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir. Hepatit B və C-dən fərqli olaraq, hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Uzun illərdi ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin də var”.
Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib. Mütəxəssis virusa yoluxmanın bəzi gigiyena qaydalarının pozulması nəticəsində yarandığını və yayılmasına səbəb olduğunu deyib: “Hepatit A virusu əsasən fekal-oral yolu ilə ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər. Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynatmaqla onu tamamilə məhv etmək olar. Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Qan və ya cinsi yolla yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur”.
Hepatit A virusunun simptomları haqda danışan mütəxəssisin sözlərinə görə, virusa yoluxan insanda gizli keçən inkubasiya müddəti olur. Bu dövr ortalama 2-4 həftə davam edir. Xəstəlik insanda halsızlıq, tezyorulma, əzələlərdə ağrı, iştahasızlıq, qusma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr virusun ən çox yoluxdurucu olduğu dönəmdir. Daha sonra sarılıq dəridə qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlama müşahidə edilir. Diaqnoz qoymaq üçün hepatit A virusun İgM adlanan markerini və qaraciyər testlərini laborator analizlərinə baxılır, xəstəliyin gedişi bununla izlənilir. Gözlər və dəri saraldıqda, xəstə artıq məsələnin adi soyuqlama, mədə-bağırsaq pozuntusu kimi yox, məhz qaraciyər xəstəliyinin olduğunu anlayır və həkimə müraciət edir. Burada ən əsas əlamət sidiyin rənginin tündləşməsidir. Bu halda həkimə müraciət etmək tövsiyə olunur. Sarılıq baş verdikdən sonra qaraciyərin əvvəlki səviyyəyə qayıtması 5 aya qədər çəkə bilər.
Mütəxəssis bəzən xəstələrin tamamilə saralmış vəziyyətdə həkimə müraciət etdiyini deyib: “Bu zaman panikaya düşmək lazım deyil. Unutmayın ki, sağlam insan üçün hepatit A virusuna yoluxması həyatı risk daşımır. Ən əsası xəstəni təcrid etmək və digər insanları yoluxmadan qorumaqdır. Onunla təmasda yalnız daha öncə hepatit A (sarılıq) keçirən insanlar və vaksinasiyası olan şəxslər olmalıdır. Yoluxan şəxsi xəstəxanaya yerləşdirməyə hər zaman ehtiyac yaranmır. Belə ki, yaşayış yeri üzrə poliklinikanın sahə həkiminin və ya infeksionistin nəzarətində evdə müalicə ala bilər. Xüsusilə 5-14 yaş qrupu uşaqlar hepatit A virusuna daha çox yoluxur. Bu zaman həkim-pediatrlara müraciət etsinlər, həkim nəzarətində təcrid olunaraq, müalicə alsınlar. Böyüklər də əksər hallarda məhz uşaqlardan yoluxa bilərlər. Yaşlı insanlar, xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən, hepatit B və C xəstələri, sirrozlu xəstələr, alkoqolla bağlı qaraciyər xəstəliyindən əziyyət çəkənlər, ağır ürək xəstələri, böyrək xəstələri hepatit A-ya yoluxarsa, bu zaman çətinliklər yarana bilər. Buna görə də, virusun alovlanması olan ərazilərdə bu qrup şəxslərə vaksinasiyadan keçmək ciddi tövsiyə olunur”.
E.Məmmədovun sözlərinə görə, virusa yalnız bir dəfə yoluxma mümkündür, sonra ömürlük immunitet formalaşır: “Xəstəliyin xüsusi müalicəsi üsulu və spesifik bir antivirus preparatı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Onsuzda ciddi virus təsirinə məruz qalan qaraciyər bir də artıq dərmanlara güc sərf etməməlidir. Lazımsız medikamentoz müalicədən qaçınmaq tövsiyə olunur. Vaksinasiya isə hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doza peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...