27 aprel 2025, bazar Bakı, 14°C
IMG-LOGO

Alimlər iddia edir : Yeni Orlean 2050-ci ilə qədər suyun altında qala bilər

26-04-2025
IMG

ABŞ-nın tarixi şəhərlərindən biri olan Yeni Orlean sürətlə batmaqdadır. Alimlərin son araşdırmaları şəhərin hər il 5 santimetrə qədər batdığını və 2050-ci ilə qədər böyük bir hissəsinin su altında qala biləcəyini ortaya qoyub. Tarixi, mədəniyyəti və musiqisi ilə dünyaca məşhur olan Yeni Orlean indi öz torpağının altında yox olmaq təhlükəsi ilə üz-üzədir.

Tulane Universitetinin tədqiqatçısının həmmüəllifi olduğu 2024-cü ildə aparılan bir araşdırmaya görə, Yeni Orleanın çox hissəsi yumşaq, süngərli torf və gil torpaqlar üzərində qurulub. Amma zaman keçdikcə bu torpaq hava şəraitinə məruz qalır və ağır tikililərin təzyiqi altında sıxılır, çöküşü sürətlənir.Mütəxəssislər vurğulayırlar ki, Yeni Orlean hazırda ABŞ-da daşqın və dəniz səviyyəsinin qalxması riski yüksək olan şəhərlərdən biridir. 

Körfəz və Atlantik okeanı sahillərində yerləşən şəhərlərin çoxu oxşar təhlükələrlə üzləşir. 

2005-ci ildə “Katrina” qasırğasından xüsusilə böyük ziyan görən Yeni Orlean daşqınlara nəzarət strukturları tikərək qoruyucu tədbirlər gördü, lakin bu strukturlar çayın daşıdığı yeni çöküntülərin yığılmasının qarşısını aldığı üçün batmasını sürətləndirdi. NASA və Luiziana Dövlət Universitetinin tədqiqatçıları qeyd ediblər ki, ən yüksək çökmə nisbətləri Missisipi çayı boyunca sənaye ərazilərində müşahidə olunub.

İqlim dəyişikliyi təhlükəsi də şəhərin taleyində mühüm rol oynayır. NASA-nın 2023-cü ildə dərc etdiyi araşdırmaya görə, yağıntıların artması və temperaturun yüksəlməsi Missisipi çayı boyunca daşqın düzənliklərinin genişlənməsinə səbəb olub. Bu, Yeni Orlean bölgəsində əlavə 10.000-27.000 insanı risk altında qoyur.

“Virginia Tech” araşdırmasına görə, təkcə Yeni  Orlean deyil, Mayami, Galveston və bir çox digər sahil şəhərləri də böyük təhlükə altındadır. 2050-ci ilə qədər Mayamidə 81.000 evin itiriləcəyi və bunun 31 milyard dollardan çox iqtisadi ziyana səbəb olacağı təxmin edilir.

Üstəlik, bu təhlükə daha çox iqtisadi və etnik azlıqların yaşadığı tarixən təcrid olunmuş regionlara təsir edir. Tədqiqatçılar deyirlər ki, dəniz səviyyəsi təkcə mövcud iqlim dəyişikliyinə görə deyil, həm də keçmiş istiləşmənin təsirlərinə görə artmağa davam edəcək. Bu, 2050-ci il üçün bədbin proqnozların böyük ölçüdə qaçılmaz olduğunu göstərir.

Tarixi faktura və mədəni zənginliyi ilə tanınan Yeni Orleanın gələcəyi isə  görüləcək tədbirlərdən və qlobal iqlim siyasətlərinin uğurundan asılıdır.

Paylaş: