12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Zəngəzur dəhlizinə qədər uzanan avtomobil və dəmir yollarının tikintisi fasiləsiz davam edir

09-01-2024

Azərbaycanın qərb vilayətlərini Naxçıvanla birləşdirəcək və Zəngəzur dəhlizindən keçəcək quru və dəmir yollarının tikintisini davam edir. Görülən işləri Türkiyə mətbuatı geniş işıqlandırıb. Anadolu Agentliyinin kameraları Zəngəzur dəhlizinə qədər uzanan Azərbaycan ərazisində avtomobil və dəmir yolu şəbəkəsində aparılan işləri lentə alıb.

“TRT Xəbər” qeyd edir ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı bəyannamə ilə Azərbaycanla Naxçıvan arasında avtomobil və dəmir yolunun açılması barədə razılıq əldə olunub. Müharibədən sonra Azərbaycan dərhal öz ərazisindən Ermənistan sərhəddinə qədər uzanan avtomobil və dəmir yollarının tikintisinə başlayıb. Zəngəzur dəhlizi marşrutunun Azərbaycan ərazisində olan hissəsində dəmir yolu və yol işləri sürətlə davam etsə də, Ermənistan hələ də bununla bağlı heç bir addım atmayıb. Ermənistanla olmasa da alternativ yollar üzərində işləyən Azərbaycan ölkəni İran üzərindən Naxçıvana birləşdirəcək avtomobil və dəmir yolu xətlərinin çəkilişi ilə bağlı Tehran administrasiyası ilə razılığa gəlib. İki ölkə arasında imzalanmış müqavilələrə uyğun olaraq Araz çayı üzərində avtomobil və dəmir yolu körpüləri tikiləcək və İran üzərindən Naxçıvana daşınmalar təmin ediləcək. Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın həm bu ölkə, həm də İran vasitəsilə Naxçıvana iki nəqliyyat alternativi olacaq.

Türkiyənin  Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu Türkiyə, Azərbaycan və İran tərəfindən işlərin davam etdiyini bildirib. “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Füzuli rayonunun Horadiz şəhərindən Ermənistanla sərhədə kimi Zəngilan rayonunun Ağbənd şəhərinə qədər uzanan Horadiz-Ağbənd xəttinin tikintisini həyata keçirir. Xəttin tikintisində türk şirkətləri də fəal iştirak edir. 110,4 kilometrlik xəttdə 9 stansiya və körpülər, avtomobil keçidləri, tunellər və drenaj boruları kimi təxminən 500 tikili var. Horadiz-Ağbənd xəttində layihələndirmə işlərinin 82 faizi, tikinti işlərinin 45 faizi yerinə yetirilib, 69,7 kilometr uzunluğunda relslər çəkilib. Xəttin hər iki hissəsində 30 metr ərazi minalardan təmizlənib. İşğal dövründə ermənilərin qoyduğu minalar və çətin relyef şəraiti səbəbindən tikintisində müəyyən çətinliklər yaradan xəttin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Azərbaycanda dəmir yolu ilə paralel olaraq Horadizdən Ağbəndə qədər 123,5 kilometr uzunluğunda yeni avtomobil yolu tikilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiyası ilə aparılan tikinti işlərini türk şirkətləri həyata keçirir. Bəzi hissələrdə 4, digərlərində 6 hərəkət zolağı olan avtomobil yolunda 58 yeraltı keçid, 27 körpü və 3 tunel var. AA müxbirinin əldə etdiyi məlumata görə, magistralın 80 faizdən çoxu tamamlanıb. Bakıdan Horadiz şəhərinə gedən avtomobil və dəmir yolu xətləri sıx işləyir. Horadizdən Ermənistan sərhədinə qədər olan bu xətlərin bəzi hissələri erməni işğalı zamanı dağıdılıb, bəzi hissələri isə bənd tərəfindən su altında qalıb. Ona görə də Horadizdən Ordubada qədər uzanan 166 kilometrlik yeni dəmir yolu xətti çəkiləcək. Xəttin Ermənistana məxsus hissəsindən Zəngəzur rayonu ərazisindən keçəcək 43 kilometrlik hissəsinin tikintisinə iki ölkə arasında yekun razılaşmadan sonra başlanılacaq.

Naxçıvanın şimalında, Türkiyə, Ermənistan və İrana yaxın yerləşən Ordubaddan Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Türkiyə və Azərbaycanın Qarsı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi də var. Tenderə çıxarılan layihə üzrə işlərə il ərzində başlanacaq. Bütün bu layihələr reallaşdıqda Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi təmin ediləcək. Eyni zamanda, Azərbaycan üzərindən Türkiyə ilə Rusiya arasında fasiləsiz quru və dəmir yolu əlaqəsi təmin ediləcək.

Paylaş: