Dünya ölkələri siqaret və nikotin qadağalarını genişləndirir
Hər il milyonlarla insanın həyatı bahasına başa gələn və tənəffüs xəstəliklərindən tutmuş ürək-damar xəstəliklərinə qədər bir çox sağlamlıq problemlərinə səbəb olan siqaretin qlobal istifadəsini azaltmaq üçün dünya ölkələri müxtəlif tədbirlər həyata keçirir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə siqaretin insan sağlamlığına dağıdıcı təsirlərinə diqqət çəkmək, ondan istifadəni azaltmaq və sosial maarifləndirməni artırmaq məqsədilə hər il fevralın 9-u “Ümumdünya Siqareti Tərgitmə Günü“ kimi qeyd edilir. Tütün məmulatlarının insan sağlamlığı üçün artan təhlükəsinə qarşı qlobal mübarizədə mühüm addım olan “Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası” 2003-cü ildə ÜST-nin rəhbərliyi ilə imzalanmış və bu sahədə siyasətin formalaşmasında mühüm rol oynamışdır.
ÜST-nin 2024-cü ildə dərc etdiyi dünya miqyasında tütün istifadəsi ilə bağlı hesabata görə, 2000-ci ildə 1,36 milyard insan tütün məmulatlarından istifadə etdiyi halda, dünya əhalisinin artmasına baxmayaraq, bu rəqəm 2022-ci ildə 1,24 milyarda qədər azalıb.
Siqaretin insan sağlamlığına dağıdıcı təsirlərinə qarşı mübarizə aparan bir çox ölkələrdə bunun tətbiqi üçün konkret addımlar atılıb. Məsələn, İtaliyanın ikinci böyük şəhəri Milanda 2021-ci ildə stadionlar, parklar, avtobus dayanacaqları kimi ümumi yerlərdə tətbiq edilən məhdud siqaret qadağasının əhatə dairəsinin genişləndirilməsinə 17 dekabr 2024-cü ildə qərar verilib. Şəhərin havasını yaxşılaşdırmaq məqsədi daşıyan bu qadağanın əsas məqsədinin vətəndaşları ikinci əl tüstüsünün zərərli təsirlərindən qorumaq olduğu bildirilib.
Siqaret və tütün məmulatlarının yalnız müəyyən şəxsi yerlərdə istehlakına icazə verən və ətrafdakı insanlarla ən azı 10 metr məsafənin saxlanması şərti ilə tənzimləmə qaydaları 2025-ci il yanvarın 1-dən qüvvəyə minib.
İtaliyanın şimal-qərbində yerləşən Turin şəhərində də 2024-cü ilin aprelində analoji qərar qəbul edilib.
Hər il təxminən 80 min insanın siqaretə bağlı xəstəliklərdən öldüyü İngiltərədə 2009-cu ildən sonra doğulanların ömürlük siqaret almasına mane olan qanun layihəsi parlamentin aşağı palatası olan İcmalar Palatası tərəfindən təsdiqlənib.Qanun layihəsinə əsasən, siqaretlərin alınması üçün aşağı yaş həddinin hər il mərhələli şəkildə artırılması nəzərdə tutulur.
Siqaretin ictimaiyyət arasında utanc hesab edildiyi Nigeriyada hökumət kino sənayesində siqaretin geniş yayılmasına qarşı tədbir görüb.
Nigeriyanın Nollywood kino sənayesində siqaretin təbliğinin qarşısını almaq üçün 23 may 2024-cü il tarixindən etibarən filmlərdə, eskizlərdə və kliplərdə tütün məmulatlarının istifadəsi qadağan edilib. Brüssel hökuməti nikotin asılılığı ilə mübarizə istiqamətində görülən tədbirlər çərçivəsində 2025-ci il yanvarın 1-dən qüvvəyə minən qərarla "vape" kimi tanınan birdəfəlik elektron siqaretlərin satışını qadağan edib.
Elektron siqaretlərin gəncləri siqaret çəkməyə təşviq etmək və onları nikotinə aludə etmək üçün asan bir yol olduğuna diqqət çəkən Belçika Səhiyyə Naziri Frank Vandenbroucke birdəfəlik elektron siqaretlərdəki plastik və batareyaların təhlükəli tullantı kimyəvi maddələr yaratdığına diqqət çəkib.
Bu qanunla Belçika Avropa Birliyində elektron siqaretlərin satışını rəsmən qadağan edən ilk ölkə olub. Belçikanın fransızdilli Vallon bölgəsində yerləşən Fleurus şəhərində gəncləri siqaret tüstüsünün təsirindən qorumaq üçün 8 yanvar 2024-cü il tarixindən etibarən bəzi ictimai yerlərdə tütün məmulatlarının istifadəsi qadağan edilib.
Bu qərara uyğun olaraq məktəb, körpələr evi və qocalar evlərinin giriş-çıxışlarını əhatə edən 10 metrlik ərazidə siqaret və elektron siqaretlərin istifadəsi qadağan edilib.
2024-cü ilin əvvəlində Avstraliya sağlamlığa ciddi ziyan vuran bir çox elektron siqaretin idxalına qadağa qoyub, eyni zamanda satışa icazə verilən çeşidini məhdudlaşdırıb.
Elektron siqaretlərin istifadəsini "siqaret vərdişlərini buraxmağa kömək edən məhsullar"a çevirməyi hədəfləyən Avstraliya hökuməti 2024-cü il iyulun 1-dən etibarən bu məhsulların yalnız apteklərdə satılacağına qərar verib.
Avstraliya hökuməti 18 yaşdan kiçiklərə elektron siqaretlərin satışını qadağan edərkən, gənclərin bu vərdişdən qurtulması üçün əlavə maliyyə vəsaiti ayırmağı planlaşdırdığını da açıqlayıb.
Siqaret istehlakının ən çox yayıldığı ölkələrdən biri olan İndoneziyada 31 iyul 2024-cü il tarixindən etibarən internet saytları və mobil proqramlar da daxil olmaqla, bütün sosial media platformalarında siqaret reklamlarının yayımlanması qadağandır.
Yeni qaydalarla təhsil müəssisələrindən və uşaq meydançalarından 200 metr məsafədə siqaret satışı da qadağan edilib.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...