Yaşıl biznes necə olmalıdır?
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı yaşıl biznes modelinə keçmək istəyən sahibkarlar üçün faydalı sənəddir.
KOBİA-dan verilən məlumata görə, iqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə fonunda yaşıl bizneslərin önəmi artmaqdadır. Yaşıl biznes dedikdə ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ətraf mühitə və cəmiyyətə müsbət təsir etməyə çalışan iş modeli nəzərdə tutulur. Fəaliyyətində yaşıl prinsipləri əsas götürən bizneslər ətraf mühitə dost olur, resurslardan daha səmərəli istifadə edir, az tullantı yaradır, ekoloji təmiz məhsul və xidmətlər istehsal edir. Bir sözlə, yaşıl biznes yalnız gəlir əldə etməyi deyil, həm də ətraf mühitin və cəmiyyətin rifahını ön planda tutmağı hədəfləyir.
Ətraf mühitə münasibətdə məsuliyyətli davranış istehsal zamanı birbaşa təsirlərin aradan qaldırılması ilə məhdudlaşmır, ümumilikdə yaşıl davranışların təşkilatın bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiyasını zəruri edir. Bu baxımdan, yaşıl planlama, yaşıl idarəetmə üzrə strategiya və siyasətlərin hazırlanması və tətbiq olunması əhəmiyyətlidir. Ekoloji təmiz xammal və materialların seçilməsi, su, enerji və torpaq ehtiyatlarından səmərəli istifadə, tullantıların düzgün idarəedilməsi, yaşıl maliyyələşmə kimi amillər yaşıl fəaliyyətin təşkili üçün zəruridir. Yaşıl biznes idarəetmə sisteminin tətbiqi ilə yanaşı, onun mütəmadi olaraq monitorinqinin aparılmasına, qiymətləndirilməsinə və təkmilləşdirilməsinə də diqqət yetirilməlidir.
Bu yaxınlarda qəbul edilmiş AZS 962:2024 “Yaşıl biznesin idarə edilməsi sistemləri” dövlət standartı bizneslərin hansı istiqamətdə hansı yaşıl prinsipləri tətbiq edə biləciyini göstərməklə, həm də faydalı təlimat rolunu oynayır. Yeni standartın tətbiqi bizneslərin, o cümlədən KOB-ların yaşıl biznes modelinə keçidini asanlaşdırmaqla qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına imkan verəcək. KOB-ların ətraf mühitə təsirinin minimuma endirilməsini, resurslardan səmərəli istifadəni və ekoloji məsuliyyəti artırmağı nəzərdə tutan yeni standart, həmçinin ekoloji innovasiyaların stimullaşdırılmasına xidmət edəcək.
Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə hazırlanmış yeni standart beynəlxalq müstəvidə ilk belə təcrübələrdəndir.
Qeyd olunub ki, AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı “ESDGoals” MMC tərəfindən təqdim edilən standart layihəsi çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi” (AZSTAND/TK 08) və “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitələrdə (AZSTAND/TK 09) müzakirə edilib, ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub. Standart bu yaxınlarda müvafiq institut tərəfindən qəbul olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...