Vikipediyada “Şirvanşahlar dövləti” adlı türk dilində bölmə istifadəyə verilib
Azərbaycan tarixinin, milli mədəniyyətinin təbliği məqsədilə ölkəmizin Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə türkcəsində “Vikipediya” beynəlxalq elektron ensiklopediyasında “Şirvanşahlar Devleti” adlı bölmə istifadəyə verib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi yanında vikipediya könüllüləri tərəfindən hazırlanan bölmədə Azərbaycanın dövlətçilik tarixində ən uzunömürlü hakimiyyətə malik Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) keçdiyi yol, dövlət quruluşu, Şirvanşahlar sülaləsi, iqtisadiyyatı, memarlığı, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı və miniatür sənətinə dair geniş məlumatlar yer alıb.
Qeyd olunur ki, qədim sivilizasiyanın mərkəzlərindən biri olan Azərbaycan zəngin dövlətçilik ənənələrinə malikdir.
Şirvanşahlar dövləti yeddi əsrdən çox müddət ərzində özünün ərazi bütövlüyünü müdafiə edib və qoruyub, hökmdarların, sərkərdələrin, dahi şairlərin və alimlərin yaşadıqları siyasi və mədəni mərkəz rolunu oynayaraq, özünün dövlətçilik ənənələri ilə tanınıb.
Bölmədə Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə yüksək mədəniyyət nümunələrinin ərsəyə gəldiyi, Azərbaycan mədəniyyətinin zənginləşdiyi, Həbibi, Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassiklərin möhtəşəm əsərlər yaratdıqları qeyd olunub.
Burada, həmçinin Şirvanşahlar dövründən Azərbaycan memarlığının inkişafına nəzər salınıb, Şirvanşahlar sarayı, Qız qalası, Divanxana, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay Xanəgahı və s. kimi bir çox qiymətli tarixi-memarlıq əsərlərinin günümüzə qədər gəlib çatdığı bildirilib.
Məqalədə Şirvanşahlar irsinin Azərbaycanda geniş öyrənildiyi, tədqiq və təbliğ edildiyi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şirvanşahlar sarayında yenidənqurma və bərpa işlərinin həyata keçirildiyi, Şirvanşahlar sarayının UNESCO-nun Ümumdünya irs siyahısına daxil olunduğu vurğulanıb.
Məqalədə Şirvanşahlar irsinin bir hissəsinin Londonda Viktoriya və Albert muzeylərində, İstanbulun “Hərbi Muzeyi” və Topkapı Saray-Muzeyində, Nyu-Yorkdakı məşhur “Metropoliten” və digər muzeylərdə saxlanıldığı qeyd olunub.
Türkdilli istifadəçilər “Wikipedia”da “Şirvanşahlar Devleti” adlı bölmə ilə bu linkdə tanış ola bilərlər.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...