23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Vaqif Poeziya Günlərinin geniş icmalı

22-07-2024
IMG

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17-19 iyul tarixlərində Şuşa şəhərində Vaqif Poeziya Günləri keçirilib.

Fhnews.az  Mədəniyyət Nazirliyinə istinadən söz-sənət bayramının geniş icmalını təqdim edir:

İyulun 18-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında poeziya bayramının açılışı olub.

Açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri, eləcə də bu ilin may ayında doğma yurda köçmüş Şuşa sakinləri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Şuşada belə bir möhtəşəm tədbirdə iştirakından məmnun olduğunu söyləyib. Bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. Bu il həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləridir. Builki tədbirdə Yazıçılar Birliyinin 100-dən çox üzvü iştirak edir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki, Vaqifi sələflərindən fərqləndirən əsas cəhətlərdən biri onun ilk dəfə olaraq Azərbaycan coğrafiyasını açıq və geniş şəkildə ədəbiyyatımıza gətirməsidir: “Vaqif öz şeirlərində ellər yaraşığı olan Azərbaycan gözəllərini tərənnüm edib. O, xalq danışıq dilini yüksək səviyyədə ədəbiyyata gətirib. Onun yaradıcılığı hər şeydən əvvəl, bir azərbaycançılıq hadisəsidir”.

Akademik bildirib ki, SSRİ-nin məkrli şəkildə Qarabağda beynəlmiləlçilik hərəkatını, siyasətini həyata keçirdiyi bir zamanda Ümummilli lider Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli məqbərə ucaltması Qarabağa Azərbaycanın möhürünü vurması demək idi: “Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada ilk olaraq Vaqifin məqbərəsinin yenidən bütün əzəməti ilə bərpa edilməsi böyük əhəmiyyətə malikdir. Yenidən təşkil olunan Vaqif Poeziya Günləri də Prezident İlham Əliyevin liderliyi ilə günü-gündən inkişaf edən Azərbaycanın şeir, sənət dili ilə ifadə olunan böyük təntənəsidir”.

Xalq yazıçısı Elmira Axundova Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə, ədəbiyyatına sonsuz sevgisindən, qayğısından danışıb. Bildirib ki, hələ sovet dövrünün ən çətin vaxtlarında Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq ideyasının yaşamasına, inkişafına təkan verib. Bu düşüncəni yaşadan, gələcək nəsillərə çatdıran əsərlərə Dövlət mükafatının verilməsinə nail olub.

Milli Məclisin VI çağırış deputatı olmuş Fazil Mustafa söyləyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, Azərbaycan Ordusunun misilsiz rəşadəti ilə işğal altındakı bütün torpaqlarımız azad olundu. Bu gün Şuşa Azərbaycanın simvoluna çevrilən bir məkan olaraq yenidən öz görkəminə, əzəmətinə qaytarılır.

Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu və birliyin Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsindən danışıb, şeirlər söyləyiblər.

Bədii hissədə Əməkdar artistlər Azad Şükürov və Nazir Rüstəmovun ifasında Məhəmməd Füzuli və Molla Pənah Vaqifin yaradıcılıq nümunələri əsasında poetik duet təqdim edilib.

Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimlinin ifasında “Qarabağ” kompozisiyası, “Şuşanın dağları” və “Bura vətəndir” musiqi nömrələri səsləndirilib. Konsert proqramı alqışlarla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

***

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri açılış mərasimindən sonra rəngarəng tədbirlərlə davam edib.

İyulun 18-də Xurşidbanu Natəvanın evinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr olunan “Füzuli hücrələri” adlı teatral kompozisiya təqdim edilib.

Füzulinin əsərləri əsasında hazırlanan kompozisiyadan əvvəl çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzulinin yaradıcılığı haqqında söz açıb. Mütəfəkkir şairin anadilli poeziyanın inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib.

Kompozisiya barədə danışan İlqar Fəhmi söyləyib ki, bədii-musiqili nümunədə Məhəmməd Füzulinin “Bəngü-badə”, “Leyli və Məcnun”, “Səhhət və Mərəz”, “Rindü Zahid” və s. əsərlərindən istifadə olunub.

Tamaşaçıların böyük marağına səbəb olan kompozisiyanın ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Kompozisiyada Şuşa Dövlət Musiqili Dram, Dövlət Pantomima, Dövlət Yuğ teatrlarından Əməkdar artistlər Nazir Rüstəmov, Azad Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov, Qasım Nağı, həmçinin Orxan Abışov, Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva, Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad Nuriyev, Elnur İsmayılov, Nihat Heybətovla yanaşı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də iştirak ediblər.

***

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Xurşidbanu Natəvanın evinin qarşısında “Sözün Vətəni – Qarabağ” adlı müasir poeziya saatı təşkil olunub.

Əvvəlcə tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi (AYB) Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya günlərini söz, sənət və mənəviyyat bayramı adlandırıb. Qeyd olunub ki, bu dəfə də poeziya günləri yüksək səviyyədə təşkil edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov vətənpərvərlik ruhlu şeirlər söyləyib.

Daha sonra söz şairlərə verilib. AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, yazıçı-dramaturq, şair, tərcüməçi Seyran Səxavət, AYB-nin Qarabağ bölməsinin sədri Elçin İsgəndərzadə, şairlər Əməkdar mədəniyyət işçiləri Qəşəm Nəcəfzadə, Rafiq Yusifoğlu, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Fərid Hüseyn, İntiqam Yaşar və başqaları müxtəlif mövzulu şeirlər səsləndiriblər. Bir sıra müəlliflərin  Şuşaya həsr olunan şeirləri xüsusi maraqla qarşılanıb.

***

Günə Xurşidbanu Natəvanın evinin qarşısında etno-caz konserti ilə yekun vurulub.

Konsertdə cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab rəngarəng proqramla çıxış edib. Onu Əməkdar artist İsgəndər Ələsgərov (zərb alətləri) və Elvin Nəbiyev (bas gitara) müşayiət ediblər.

Konsertdən əvvəl tamaşaçıları salamlayan Emil Əfrasiyab Şuşada keçirilən Vaqif Poeziya Günlərinin tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, azad Qarabağ müasir, müstəqil Azərbaycanın simvoluna çevrildiyi kimi Vaqif Poeziya Günləri də azad Şuşanın simvoluna çevrilib.

O, ilk dəfə Şuşada təşkil oluna etno-caz konsertinin hər bir dinləyicinin yaddaşında uzun zaman qalacağını söyləyib və belə konsertlərin qala-şəhərimizdə bundan sonra daha tez-tez təşkil olunacağına inamını ifadə edib.

Sonra bir-birindən maraqlı ifalar təqdim olunub.

Proqramda “İki dünya”, “Əlavə iz”, “And I love her”, “Aziza”, “Rainy Day”, “Ataya məktub”, “Fantaziya”, “Prayer”, “Nueva” və digər musiqi nömrələri səslənib.

Konsert tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

***

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 19-da Şuşa Hotel-Konqres Mərkəzində "Məhəmməd Füzuli. Zamanın fövqündə" adlı konfrans keçirilib.

Konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub. Tədbir Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva konfransın “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası məqsədilə hazırlanmış tədbirlər planına əsasən keçirildiyini deyib: “Beş əsrdən çoxdur ki, Məhəmməd Füzulinin qələmə aldığı əsərlər Azərbaycan və dünya oxucuları tərəfindən rəğbətlə qarşılanır. Füzulinin yazıb-yaratdığı dövrdən əsrlər ötsə də, əsərlərinin cazibəsi ildən-ilə azalmır. Əksinə, yeni-yeni nəsillər, dəyişən zamanlar içərisində insanlar öz zəka və idraklarının gücü ilə dahi şairin yaradıcılığını fərqli müstəvilərdə dərk edərək dünyagörüşlərinə uyğun halda yenidən mənalandırırlar”.

Akademik diqqətə çatdırıb ki, böyük şairin 530 illiyi münasibətilə AMEA-da silsilə tədbirlərlə yanaşı, şairin elmi irsinin öyrənilməsi istiqamətində də mühüm işlər görülür.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib ki, 1994-cü ildə Azərbaycan öz istiqlalının inkişafı və dayanıqlığı yönündə qədəmlərini atarkən ölkəmizdə böyük bir tarixi və ədəbi hadisə baş verməkdəydi: “Məhəmməd Füzulinin 500 illik yubileyi tamam olurdu. Ölkəmizin taleyi üçün son dərəcədə ağır olan həmin illərdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ozamankı təbəddülatlı vəziyyətə baxmayaraq, dahi şairin yubileyinin keçirilməsini təxirə salmayıb, əksinə Füzulinin doğumunun yuvarlaq ildönümünü həm Azərbaycanda, həm də qonşu ölkələrdə silsilə bayramlar şəklində yüksək səviyyədə qeyd olunmasını təmin edib”.

AYB-nin üzvü, şair Fərid Hüseyn Füzulinin bənzərsiz söz dünyasından bəhs edib. Onun yaratdığı ölməz irsin bütün zamanlarda öz aktuallığını qoruyub saxlayacağını, hər zaman insanlar tərəfindən sevilərək oxunacağını vurğulayıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, tarixi Zəfərdən sonra biz artıq dördüncü dəfədir mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günləri münasibətilə bir araya gəlirik: “Xoş təsadüfdür ki, bu il Füzulinin 530 illik yubileyi də ölkəmizin COP29 kimi dünya miqyaslı tədbirə ev sahibliyi etdiyi bir dövrə təsadüf edir. Gərək biz bu yubiley ilində xarici ölkələrin yazar və şairlərinə Füzuli ilə bağlı dolğun məlumatları çatdıraq.  Eyni zamanda onlara Qarabağ Zəfərimiz, 30 illik işğal dövrünün həqiqətləri barədə bilgi verək”.

Nazir müavini söyləyib ki, ötən ay Daşkənddə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib, şairin özbək dilinə tərcümə olunmuş külliyyatının təqdimatı olub. Ölkəmizin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dahi şairin irsi təbliğ olunub, Azərbaycan stendində xüsusi guşələr yaradılıb. Bu ilin oktyabrında keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisi Məhəmməd Füzuliyə həsr ediləcək.

Çıxışlardan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Anar Mikayılov və Roza Zeynalova tərəfindən Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri əsasında kompozisiya təqdim edilib.

***

İyulun 19-da Şuşa Hotel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” (2022) sənədli filminin nümayişi olub.

“Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

Filmdə repressiya qurbanı olmuş 31 yazıçı, şair və digər ziyalılarımız xatırlanır, bəzilərinin faciəvi həyat tarixçəsi danışılır. Eyni zamanda ekran işində Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi də araşdırılır.

Filmdə Xalq yazıçısı Anar, tarixçi, cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoyun 1930-cu illərin repressiya dalğası və kommunizmin mürtəce mahiyyəti ilə bağlı fikirləri yer alıb.

***

Poeziya bayramına iyulun 19-da Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən "Vaqiflə səyahət" adlı bədii-musiqili tamaşa ilə yekun vurulub.

İlk dəfə təqdim olunan tamaşa azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin Şirvaniyə həsr olunub.

Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olub. İlk təhsilini ailəsi Kərbəla şəhərinə köçdüyündən orada alır. 1796-cı ildə təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə bir sıra dilləri öyrənir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, şəhəri ziyarət edən zəvvarların söhbətləri onun nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir...

Görkəmli alimin adı nəinki vətənimizdə, hətta onun sərhədlərindən çox-çox uzaqlarda da geniş şöhrət tapıb. H.Z.Şirvaninin tarixi, fəlsəfi, coğrafi, bioqrafik xarakter daşıyan əsərləri Çin, Hindistan, Koreya Respublikası, İran, Türkiyə, İndoneziya, Bolqarıstan, Polşa, Fransa, İngiltərə və s. ölkələrin mütəxəssis və alimləri tərəfindən çox yüksək qiymətləndirilib.

Şuşada təqdim olunan səhnə əsərində də alimin həyat yolu, ömür kredosu bir daha vərəqlənir, tamaşaçıya çatdırılır. Tamaşa Azərbaycan mədəniyyətini dünyada təbliğinə töhfə vermiş soydaşlarımızı tanıtmaq məqsədilə ərsəyə gətirilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Nümayişdən əvvəl qəzetimizə müsahibə verən Loğman Kərimov deyib ki, Hacı Zeynalabdin Şirvani 42 il səyyah kimi dünyanı gəzib-dolaşıb. Rejissor bildirib ki, tamaşanın iki aydan çox müddətə ərsəyə gəlib. Səhnə əsərində Hacı Zeynalabdin Şirvaninin timsalında Məhsəti Gəncəvidən tutmuş, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Azərbaycan poeziyasının, musiqi mədəniyyətinin inkişafında xidmətləri olan və onu dünyada təbliğ edən söz xiridarlarının ömür yoluna, yaradıcılığına toxunulur, keçdikləri yol bir örnək kimi təqdim edilir.

Tamaşada Şuşa Dövlət Musiqili Dram, Azərbaycan Dövlət Pantomima və Azərbaycan Dövlət Yuğ teatrlarından aktyorlar – Əməkdar artistlər Nazir Rüstəmov, Azad Şükürov, Bəhruz Vaqifoğlu, Teymur Məmmədov, Qasım Nağı, həmçinin Orxan Abışov, Püstəxanım Zeynalova, Jalə Novruz, Zəhra Salayeva, Sürahi Əliməmmədova, Nurlan Rüstəmov, Cavad Nuriyev, Elnur İsmayılov, Nihat Heybətov iştirak edirlər.

Səhnə əsərində eyni zamanda Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nigar Şabanova, xanəndələr Hüseyn Məlikov, Nüşabə Kərimli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də yer alıblar.

Böyük peşəkarlıqla hazırlanmış bədii-musiqili səhnə işi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişdən sonra xatirə şəkilləri çəkdirilib.

Bununla da mədəniyyət paytaxtımız azad Şuşada dördüncü dəfə təşkil olunan Vaqif Poeziya Günləri tarixə qovuşub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Paylaş: