TÜRKSOY ölkələri sənətçilərinin və rəqs qrupunun Şəki festivalında çıxışı maraqla qarşılanıb
Uğurla davam edən Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının üçüncü günü, iyulun 7-də günorta saatlarında tamaşaçılara TÜRKSOY ölkələri sənətçilərinin və Türkiyənin “İnegöl” Xalq rəqsləri qrupunun konserti təqdim olunub.
Şəkidəki Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəsmiləri, tədbirin qonaqları, eləcə də musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində rəqs qrupunun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, 2021ci ildə İnegöldə yaradılmış Xalq rəqsləri qrupu ölkə daxilində və xaricdə keçirilən tədbir və festivallarda Türkiyəni uğurla təmsil edir. İnegöl, Bursa, Trabzon, Trakya, İzmir, Artvin və digər 14 bölgənin rəqslərini uğurla səhnələşdirən qrupun repertuarı çox genişdir. 2024-cü ilin aprelində Özbəkistanın Xivə şəhərində keçirilən və 30 ölkənin iştirak etdiyi “Ləzgi” Beynəlxalq Xalq Oyunları Festivalında Türkiyəni uğurla təmsil edən kollektiv üçüncü yeri tutaraq, ölkəsinin bayrağını qürurla dalğalandırıb.
Diqqətə çatdırılıb ki, 40 nəfərdən ibarət olan kollektiv Şəki festivalında 12 rəqqasla iştirak edir. Kollektivin bədii rəhbəri Atilla Mert, məsləhətçisi Fatih Şendir.
Konsert zamanı rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux roman, horon və halay rəqsləri, həmçinin Qazaxıstanın Xalq artisti, beynəlxalq festivalların qalibi Baxtiyar Taylakbayev və həmin ölkənin Mədəniyyət xadimi Lara Rısbayın ifa etdikləri qazax, türk və Azərbaycan mahnıları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə və Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək, rəngarəng konsert proqramına görə kollektivə və sənətçilərə minnətdarlığını bildiriblər.
Sonda təşkilatçılar adından “İnegöl” Xalq rəqsləri qrupuna və sənətçilərə festivalın rəmzi simvolu, həmçinin TÜRKSOY-un xatirə hədiyyələri təqdim olunub.
İyulun 7-də axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olacaq.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...