23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Türkiyənin Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

13-07-2024
IMG

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Antalyada görüşləri davam edir.

Fhnews.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, Samir Abbasov səfər çərçivəsində Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinin sədrinin müavini, mədəniyyət və turizm məsələləri üzrə müşaviri Durmuş Ali Arslanla görüşüb.

Bələdiyyənin xarici əlaqələr dairə rəhbəri Zeyneb Tuğçe Çiftçibaşı, yerli Azərbaycan icmasının təmsilçisi, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılın da iştirak etdiyi görüşdə ölkələrimiz arasındakı qardaşlıq bağları, mədəni əlaqələrimizin daha da genişləndirilməsi və bu istiqamətdə birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.

Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, ölkə başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Şuşa Bəyannaməsi və mədəniyyət sahəsində əldə edilən sazişin əsas götürüldüyü görüşdə mədəni əməkdaşlığın inkişafı müzakirə olunub. Tərəflər Türkiyənin tarix, mədəniyyət və turizm baxımından mühüm bölgələrindən olan Antalya ilə Azərbaycanın şəhərləri arasında “qardaşlaşmış şəhərlər” layihəsinin icrası, Azərbaycan tarixi və mədəniyyətinin tanınmış simalarının adlarının gələcəkdə qardaş ölkədə əbədiləşdirilməsi, eləcə də bu şəxsiyyətlərin adlarının Türkiyə universitetlərində yaradılacaq Azərbaycan mərkəzlərinə verilməsi, bölgədə keçirilən böyük mədəniyyət festivallarında Azərbaycanın geniş təmsil olunması kimi məsələlər ətrafında fikir mübadilələri aparıblar.

Görüşün nəticəsində regionun ən böyük mədəniyyət tədbirlərindən Antalyada Beynəlxalq Yörük (Türkmən) Festivalı və Kitab Sərgi Yarmarkasında Azərbaycanın təmsil olunması, ölkəmizdə keçiriləcək Beynəlxalq Kitab Sərgisində Antalya yayım evlərinin iştirakı, Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması, il ərzində bölgədə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi”nin təşkili, eləcə də Türkiyənin Akdeniz bölgəsi ilə Azərbaycan arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Ümummilli Lider Heydər Əliyevin, habelə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin adlarının əbədiləşdirilməsi istiqamətində birgə fəaliyyət istiqamətləri razılaşdırılıb.

Sonra mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Antalya şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərinin müavini İlknur Kökenlə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlıq, Antalyada keçirilən Mədəniyyət Yolu Festivalı, bölgədə təşkil olunacaq Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunan tədbirlər, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin bu istiqamətdə təşəbbüslərinə veriləcək dəstək kimi məsələlər müzakirə olunub. Tərəflər ölkələrimiz arasındakı tarixi mədəni əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində ortaq fikir ifadə ediblər.

Görüşlərdə Antalyada yaxın aylarda inşası başa çatdırılacaq Türküstan Mədəniyyətləri Muzeyində Azərbaycan mədəniyyətinin də yer alması, o cümlədən milli stendimizin təşkili ilə əlaqədar danışıqlar aparılıb, sözügedən işlərin səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə aparılmasına qərarı verilib.

Qeyd edək ki, Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzində ölkəmizə dair minikitabxana fəaliyyət göstərəcək, mühazirə və açıq dərslər aparılacaq. Azərbaycan tarixi, milli mədəniyyətimizə dair guşələr, portretlər, rəsmlər, suvenirlər, xalçalar və daimi sərgilərin yer alacağı auditoriya təşkil olunacaq. Texniki avadanlıqlarla təmin olunacaq mərkəzdə ana dilimizin geniş təbliği aparılacaq. Azərbaycanşünaslıq Mərkəzində dövlət rəmzlərimiz, ölkələrimizin qardaşlıq münasibətləri, tariximiz, mədəniyyətimiz və dahi şəxsiyyətlərimizə dair guşələr yer alacaqdır.

Paylaş: