23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

TANAP-ın inşası zamanı aşkarlanan minə yaxın tarixi əsər Türkiyə muzeylərində sərgilənir

27-05-2024
IMG

Azərbaycan təbii qazını Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası zamanı Türkiyənin Anadolu bölgəsində minlərlə il keçmişə aid bir çox tarixi əsər aşkarlanıb. Boru xəttinin inşa edildiyi beş il ərzində aşkarlanaraq Türkiyənin mədəni irs inventarına daxil edilən minə yaxın əsər 2020-ci ildən etibarən qardaş ölkənin muzeylərində sərgilənir.

Fhnews.az xəbər verir ki, boru xətinin Türkiyənin bir çox sivilizasiyaya ev sahibliyi etmiş, Şərq və Qərb mədəniyyətləri arasında körpü olan Anadolu bölgəsindən keçən hissəsinin tikinti işləri ərazinin tarixi izlər baxımından zənginliyi nəzərə alınaraq xüsusi həssaslıqla aparılıb.

TANAP-ın ətraf mühitə təsirinin qiymətləndirilməsi və əsas layihələndirmə prosesi zamanı kəmərin marşrutu üzrə arxeoloji, o cümlədən daşınmaz mədəni irs sahələrinin müəyyənləşdirilməsi istiqamətində də araşdırmalar aparılıb. Bu, çöl tədqiqatları nəticəsində əvvəllər qeydə alınmayan 106 yeni ərazi aşkarlanaraq Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Mədəni İrsin Mühafizəsi üzrə regional qurumların mühafizəsi altına alınıb.

Arxeoloqların da iştirakı ilə aparılan qazıntılar Balıkesir vilayətində aşkarlanan tarixi əsərlərin çoxluğu səbəbindən ləngiyib. Əsərlərə zərər verilmədən çıxarılmasının vaxt baxımından uzun proses olması nəzərə alınaraq xəttin səkkiz kilometrlik hissəsinin istiqaməti dəyişdirilərək bölgə arxeoloqların istifadəsinə verilib.

Bu tapıntılar arasında indiyədək açılmayan məzarlar və dünyada bənzəri nadir görülən tarixi əsərlər də var. Aşkarlanan bəzi qalıqlar üzərində aparılan araşdırmalar isə bu ərazilərin bölgədəki ən qədim yaşayış yeri olduğunu göstərib.

Paylaş: