23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Taekvondo hakimi: Qaydaları bilmək kifayət deyil, dərhal düzgün qərar verməlisən - MÜSAHİBƏ

12-07-2024
IMG

Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, ölkəmizi "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında təmsil etmiş Gündüz Abdullayev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Bildiyimiz qədəri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almısınız. Necə oldu ki, idman sahəsini seçdiniz?

- Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya və kino rejissorluğu fakültəsini bitirmişəm. Lakin idmana olan marağım, dövlətə, xalqa, millətə yararlı olmaq, peşəkar idmançılar yetişdirmək istəyim bu sahəni seçməyimdə xüsusi rol oynadı. Bildiyimiz kimi, taekvondo yeni yaranmış idman növüdür. 1991-ci ildə Azərbaycanda Taekvondo Federasiyası yaranandan mən bu növ ilə məşğul olmağa başlamışam. Respublika çempionatlarında və beynəlxalq turnirlərdə bir çox qalibiyyət qazanmışam. Bundan öncə isə əlbəyaxa döyüş növləri ilə məşğul olmuşam. Onu da qeyd etmək istərdim ki, 1990-cı illərdə idmançılarımız beynəlxalq turnirlərdə nadirən çıxış edirdilər.

Əsas məşqçilik karyerama 1992-1993-cü illərdə başlamışam. On səkkiz il milli komandanın baş məşqçisi işləmişəm. Həm yeniyetmələrin, həm gənclərin, həm də böyüklərin baş məşqçi kimi fəaliyyət göstərmişəm. Eyni zamanda, 2003-cü ildən beynəlxalq dərəcəli hakiməm və bu fəaliyyətimi bu günədək davam etdirirəm.

- Hakimlik peşəsinin çətinliklərindən danışardınız...

- Hazırda mən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, Hakimlər Komitəsinin sədriyəm. Hakim olmaq idmançının, məşqçinin hüququnu, haqqını, qazanılan uğurunu qorumaq deməkdır. Əgər bir insan hakim olarkən bunları düşünə, dərk edə bilsə, həqiqətən də işinin peşəkarı ola bilər. Əlbəttə ki, məşqçiliyin də öz çətinliyi var, amma hakimlik ondan daha məsuliyyətlidir. Nəyə görə? Çünki hakimliklə bağlı müəyyən qaydalar kitabı var. Məsələn, taekvondoda 168 səhifəlik qaydalar toplusu var. Hakim gərək onları əzbər bilsin. Ancaq bu qaydaları bilmək kifayət deyil, yarış zamanı dərhal düzgün qərar vermək də vacibdir. Hakimin görmədiyi tərəflər də var. İdmançı bundan istifadə edə bilər. Yəni, bu cəhətdən hakimlik çətin peşədir.

- Hakimlik fəaliyyətiniz dövründə elə bir yarış olubmu ki, qərar verməkdə çətinlik çəkmisiniz?

- Avropa çempionatının final görüşünün hakimi olmuşdum. Döyüş vaxtı mənim görmədiyim tərəfdən idmançı qadağan olunmuş fənd tətbiq edirmiş. Mən bunu tamaşaçıların və arbitraj komissiyasının baxışlarından anladım. Yarış keçirilən yerdə yuxarıda böyük bir güzgü var idi. İdmançı yaxın döyüşə girəndə mən təsadüfən güzgüyə baxdım və həmin fəndi görərək onu cəzalandırdım. Məşqçi etiraz etdi, lakin mən özümə əmin idim. Çətin anlar olur və burada əsas məqam peşəkarlığı qorumaqdır.

- "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında idmançılarımızın çıxışlarını necə qiymətləndirirsiniz?

- Qızlardan qızıl medal gözləyirdik, lakin onlar iki bürünc mükafatla kifayətlənməli oldular. Ümid edirəm, gələcəkdə daha çox çalışıb, məşq edib uğurlar əldə edəcəklər. Oğlanlar arasında yarışlara gəldikdə isə görüşləri izləyərkən fəxr etdim. Onlar yarışlarda yüksək nəticələr göstərdilər. Azərbaycanda belə gənclərin olması qürurvericidir. Oyunlarda medal qazanan idmançıların olimpiadalarda uğurlu çıxış edəcəklərinə inanıram.

- Övladlarınızdan peşəkar idman növü ilə məşğul olan varmı?

- Oğlum taekvondo üzrə qara kəmər sahibidir. O, məktəblilər arasında Azərbaycan çempionudur və peşəkar idman həyatına doğru getmək istəyir.

Paylaş: