8 noyabr 2025, şənbə Bakı, 11°C
IMG-LOGO

TƏBİB: Son 3 ildə 160 minə yaxın xarici vətəndaşa tibbi xidmət göstərilib

15-10-2025
IMG

Son illərdə Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin həcmində sabit artım dinamikası müşahidə olunur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən aparılan statistik təhlillər göstərir ki, ölkəmizdə tibbi xidmətlərdən yararlanan xarici vətəndaşların sayı ilbəil artmaqda davam edir və bu sahə üzrə müsbət tendensiya qeydə alınır.

TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü ildə Azərbaycanda ümumilikdə 59 min 11 xarici vətəndaş müxtəlif tibbi xidmətlərdən yararlanıb. 2024-cü ildə bu göstərici 57 min 77 nəfər təşkil edib. Cari ilin yanvar-sentyabr ayları ərzində isə artıq 42 min 451 xarici vətəndaşa tibbi xidmət göstərilib. İlin sonuna qədər bu rəqəmin əvvəlki illərlə müqayisə edilə biləcək səviyyədə olacağı proqnozlaşdırlır.

Ümumilikdə son üç ildə 158 min 539 xarici vətəndaşa tibbi xidmət göstərilib. Ən çox tibbi xidmət alan vətəndaşlar isə əsasən Rusiya, Gürcüstan, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdən olub. Təkcə 2025-ci ilin ilk doqquz ayında Rusiyadan 15 min 491, Gürcüstandan isə 9 min 510 nəfər vətəndaş ölkəmizdə müalicə alıb.

Xarici vətəndaşlara göstərilən tibbi xidmətlərin strukturu geniş və müxtəlif ixtisaslaşmış sahələri əhatə edir. 2025-ci ilin ilk doqquz ayı ərzində 20 min 413 nəfər ixtisaslaşdırılmış ambulator tibbi xidmətlərdən, 16 min 916 nəfər laboratoriya xidmətlərindən yararlanıb. Eyni dövrdə 244 cərrahi əməliyyat, eləcə də yüzlərlə fizioterapiya və invaziv radioloji (angioqrafiya) xidmət göstərilib.

Habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətində məhz turistlərə göstərilən xidmətdə rahat ünsiyyətin təmin olunması məqsədilə ingilis və rus dillərini bilən tibbi personallar formalaşdırılıb. Bundan əlavə, Bakı, Qəbələ, Naftalan, Quba və Şəki kimi turizm mərkəzlərində isə tibbi xidmətin sayı və çeşidi, xidmət əlçatanlılığı mütəmadi olaraq təkmilləşdirilir.

Qeyd olunan göstəricilər Azərbaycanın regionda səhiyyə turizminin cəlbedici istiqamətlərindən birinə çevrildiyini təsdiq edir. Bütün bunlar ölkəmizdə dövlət tibb müəssisələrinin yüksək texnoloji imkanlara, müasir avadanlıqlara və peşəkar kadr potensialına malik olduğunu göstərir.

Paylaş: