23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

SİMA-da hər gün 40 min nəfər uğurla qeydiyyatdan keçir

11-09-2024
IMG

Prezidentin 12 avqust 2024-cü il tarixli fərmanı ilə Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən ölkəmizdə əmək müqavilələri və əmək müqaviləsinə edilən dəyişikliklər gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minir.

Fhnews.az xəbər verir ki, “AzInTelecom”dan verilən məlumata görə, müqavilələrin imzalanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən SİMA rəqəmsal imza, Elektron imza (SİMA Token) və “ASAN imza” ilə həyata keçirilir.

SİMA rəqəmsal imza vətəndaşlar üçün rahat və iqtisadi cəhətdən sərfəli bir vasitədır. “SİMA İmza”nı əldə etmək üçün hansısa müəssisə və təşkilata getməyə, hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Vətəndaşlar onlayn qaydada, sadəcə smartfonlarına “SİMA İmza” tətbiqini yükləyib qeydiyyatdan keçməklə rəqəmsal imzanı əldə etmiş olur və əmək müqaviləsini istənilən vaxt, istənilən yerdə imzalaya bilirlər.

“SİMA İmza”nın ƏMAS platformasına inteqrasiyası vətəndaşların kütləvi şəkildə elektron imza almaq üçün xidmət məntəqələrinə getməsinin, uzun və yorucu növbələr yaranmasının qarşısını alıb.

Statistikaya əsasən son 1 həftə ərzində ƏMAS platformasında 150 mindən çox əmək müqaviləsi “SİMA İmza” ilə imzalanıb. Hər gün təxminən 40000 nəfər tətbiqdə uğurla qeydiyyatdan keçir.

Lakin bəzi hallarda vətəndaşların şəxsi smartfonunun olmaması və nəticədə “SİMA İmza”dan istifadə edə bilməməsi halları yaşanır. Bu cür hallarda işəgötürənin öz əməkdaşını digər üsullarla elektron imza ilə təmin etməsi məqsədəuyğun hesab edilir. Bununla belə, “AzInTelecom” MMC smartfonu olmayan vətəndaşlara dəstək məqsədi daşıyan rəqəmsal imza həlli hazırlayır.

Eyni zamanda “SİMA İmza” tətbiqində qeydiyyatdan keçən zaman bir sıra şəxslərin çətinliklə üzləşdikləri də müşahidə edilir. “SİMA İmza” tətbiqində qeydiyyat vətəndaşın şəxsiyyət vəsiqəsindəki şəklinin biometrik üz cizgiləri ilə eyniləşdirilməsi nəticəsində aparılır. Odur ki, biometrik qeydiyyat zamanı cihazın ekranına arxadan və kənardan işıq düşdükdə, sifət aydın görünmədikdə, üzü bağlayan vasitələr olduqda, estetik əməliyyatlar nəticəsində simada müəyyən dəyişikliklər edildikdə problemlər yaranır.

Qeydiyyat prosesində həmçinin biometriya və süni zəka tətbiq olunur. Bu da başqasının əvəzinə qeydiyyatdan keçmək hallarının qarşısını alır.

“SİMA İmza” tətbiqində qeydiyyat prosesi ilə aşağıdakı videomaterialda ətraflı tanış ola bilərsiniz:

https://youtu.be/XWvnIORg1_E?si=2wCiaZSs22Fqu1Et

Əlavə olaraq, biometrik qeydiyyat zamanı aşağıdakı videomaterialda qeyd edilən məqamlara diqqət etməyiniz xahiş olunur:

https://youtu.be/e_IdYfgv5h4?si=Pk-roEfUhHKZiNur

“SİMA İmza” tətbiqində qeydiyyatla bağlı 157 Zəng Mərkəzinə, alternativ olaraq SİMA-nın sosial media platformalarındakı səhifələrinə müraciət edə bilərsiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi ilə bağlı sual yarandıqda isə “DOST Çağrı Mərkəzi 142”yə müraciət etmək olar.

Paylaş: