Pərviz Şahbazov Romada AEBA-nın baş direktoru və qazax həmkarı ilə görüşüb
İtaliyanın paytaxtı Romada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.
Fhnews.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi ilə görüşdə Azərbaycanın agentliklə müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığından bəhs edilib.
Azərbaycanın bərpaolunan enerji ilə bağlı regional və beynəlxalq miqyaslı layihələrindən, enerji təchizatının şaxələndirilməsindən danışılıb. Ölkəmizin yaşıl enerji keçidi planları kontekstində enerji planlaşdırması sahəsində Energetika Nazirliyi ilə AEBA arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanda nüvə enerjisindən istifadə imkanlarının araşdırılması üçün əməkdaşlığa AEBA-nın dəstəyi ifadə olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçiriləcək “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri üzrə fikir mübadiləsi aparılıb.
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə görüşdə isə iki ölkənin enerji əməkdaşlığının aktual məsələləri, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” və COP çərçivəsində keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb. COP29 zamanı imzalanması planlaşdırılan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, üç ölkənin enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən Bakıda Birgə Müəssisənin yaradılması, milli enerji şirkətlərinin Birgə Müəssisədə iştirak paylarının müəyyənləşdirilməsi və layihənin texniki-iqtisadi əsaslandırmasından irəli gələn məsələlər nəzərdən keçirilib. Eyni zamanda, Qazaxıstanın nüvə enerjisi sahəsində fəaliyyətinə və bu xüsusda təcrübə mübadiləsi üzrə əməkdaşlığa dair müzakirələr olub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...