23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Paris Olimpiadası İngiltərə Premyer Liqasını geridə qoyaraq ən dəyərli idman hadisəsi olub

09-09-2024
IMG

Fransanın paytaxtı Parisdə təşkil olunmuş Yay Olimpiya Oyunları 11,4 milyard dollar brend dəyəri ilə İngiltərə Premyer Liqasını geridə qoyaraq ən qiymətli idman hadisəsi olub.

Fhnews.az dünyanın aparıcı brend konsaltinq şirkəti "Brand Finance"yə istinadən xəbər verir ki, Premyer Liqanın dəyəri 9,9 milyard dollar təşkil edib. "Dumanlı albion"un ən yaxın izləyicisi 8,9 milyard dollar dəyərində olan Milli Basketbol Assosiasiyasıdır (NBA).

2021-ci ildə COVID-19 pandemiyasının kölgəsində keçirilmiş Tokio Yay Olimpiya Oyunlarının qiyməti 8,3 milyard dollar səviyyəsində olub. Beləliklə, Fransanın paytaxtında Tokiodakı Olimpiada ilə müqayisədə 37,3 faiz artım müşahidə olunub.

“Paris-2024”dən daha bahalı yeganə idman hadisəsi isə 24 milyard dollarla Amerika Milli Futbol Liqasıdır (NFL).

Los-Anceles Olimpiadasında yeni rekord gözlənilir

Paris Olimpiadasının brend dəyərinin təxminən 4,3 milyard dolları milli olimpiya komitələrinin, 7,1 milyard dolları isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) payına düşür.

BOK-un rəsmi açıqlamasına əsasən, Paris bilet satışından da rekord məbləğdə gəlir əldə edib. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında 8,3 milyon bilet satıldığı halda, bu rekord 28 ildən sonra Parisdə 9 milyondan çox biletlə yenilənib.

2028-ci ildə ABŞ-da keçiriləcək Los-Anceles Olimpiadasında yeni rekordların qırılacağı ehtimal olunur.

Paylaş: