8 noyabr 2025, şənbə Bakı, 11°C
IMG-LOGO

Ötən il dünyada 8,3 milyon hektar meşə sahəsi məhv edilib

14-10-2025
IMG

Dünyada meşələrin qırılması prosesi sürətlə davam edir. Ötən il 8,3 milyon hektar meşə sahəsi məhv edilib ki, bu da 2022-ci illə müqayisədə 1,7 milyon hektar çoxdur.

Fhnews.az xəbər verir ki, bu, “Meşə Bəyannaməsi Hesabatı 2025” (Forest Declaration Assessment 2025) adlı beynəlxalq hesabatda əksini tapıb. Hesabata əsasən, 2021-ci ildə Qlazqoda keçirilən BMT İqlim Konfransında 140-dan çox ölkə 2030-cu ilədək qlobal meşə qırılmasını dayandırmağı öhdəsinə götürsə də, proses əks istiqamətdə davam edir. Xüsusilə tropik meşələrin vəziyyətinin daha ağır olduğu bildirilir. Latın Amerikası, Asiya və Afrikada baş verən genişmiqyaslı yanğınlar 6,7 milyon hektardan artıq meşə sahəsini məhv edib. Təkcə Amazon hövzəsindəki yanğınlar nəticəsində atmosferə 791 milyon ton karbon qazı buraxılıb. Müqayisə üçün qeyd edək ki, bu, Almaniyanın birillik emissiyasından çoxdur.

Hesabatda qeyd olunub ki, hazırda dünyada yalnız 10,6 milyon hektar meşə sahəsində bərpa işləri aparılır. Bu, potensial olaraq bərpa oluna biləcək ərazilərin cəmi 5,4 faizini təşkil edir. Bununla belə, sənəddə bəzi müsbət nümunələrə də diqqət çəkilir. Məsələn, Braziliya meşələrin qırılmasına yol verilmədən əldə edilən mal ətinin Avropa İttifaqına ixracını planlaşdırır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, meşələrin qorunması istiqamətində real irəliləyiş əldə olunmasa, dünya iqlim sistemi geridönüşü olmayan səviyyəyə çata bilər. Hesabatda bu baxımdan beynəlxalq birliyin maliyyə və hüquqi mexanizmləri gücləndirməsinin vacibliyi vurğulanır.

Qeyd edək ki, təkcə ötən il məhv edilən meşə sahəsi təxminən Azərbaycanın ərazisi qədərdir. Ölkəmizin ümumi dövlət meşə fondu ərazisi 1 milyon 213,7 min hektardır (14 faiz).

Paylaş: