23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır

14-11-2024
IMG

Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidenti və Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.

Fhnews.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel ilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpaolunan enerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundan danışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü maddəsi üzrə vahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katib GECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasının COP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə görüşdə isə COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüsləri barədə məlumat verilib. Bildirilib ki, bu enerji təşəbbüsləri hökumətlər, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları da daxil olmaqla, bütün tərəfdaşlara hədəfləri konkret nəticələrə çevirmək üçün zəruri olan dinamikanı yaratmaq imkanı təqdim edir. OPEC Fondu bu təşəbbüsləri dəstəkləməyə dəvət edilib. OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power” şirkətinə 50 milyon dollar məbləğində kredit ayırılması, həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilə texniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə külək enerjisinin inkişafı, yaşıl enerji dəhlizləri və “Masdar” şirkəti ilə həyata keçirilən 1QVt gücündə külək-günəş enerjisi layihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidenti Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazır olduğunu bildirib.

Nazir Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda təmiz enerjinin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatla əməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya ilə enerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyata keçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirmə layihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizləri layihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsində birgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.

Söhbət zamanı COP29-un Enerji Günündə Energetika Nazirliyi ilə “Dayanıqlı Bərpa Olunan Enerji vasitəsilə Qlobal İqlim Fəaliyyətini Sürətləndirmək” mövzusunda keçiriləcək birgə tədbirdən də bəhs edilib.

Paylaş: